Milli Şura İlqar Məmmədova qarşı: “Emin Hüseynov aranı qatır”
Milli Şuranın koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev hesab edir ki, İ.Məmmədovun virtual seçkidə Əli Kərimliyə qalib gəlməsi cəbhəçiləri qıcıqlandırıb.
E.Quliyev hesab edir ki, belə “seçki”lər lazımsız və vaxt aparan işdir: “Praymerizlərin keçirilməsini klas-klas oynayan uşaqların sevinci və ya kədərinə bənzədirəm. Hesab edirəm ki, lazımsız və vaxt aparan işdir. Əli Kərimlinin İlqar Məmmədova uduzdurulması düşünülmüş bədxahlıqdır. Milli Şura mitinqlər keçirir, fəaliyyət göstərir. Amma REAL sadəcə virtual fəaliyyət göstərir”.
E.Quliyev praymerizi keçirən müxalif bloqqer Emin Hüseynovu müxalifət daxilində qarşıdurma yaratmaqda günahlandırıb: “Emin Hüseynovun keçirdiyi praymerizə birmənalı yanaşmaq olmaz. Bu hal müxalifəti bir-birinə qarşı qoyur. Deyilənə görə, onun 500 səs məsələsində əli olub. Özü deyir ki, texniki qüsur olub. Əgər belədirsə, dərhal düzəltsin. Biz o zaman biləcəyik ki, bu adam obyektivdir. Yəni, subyektiv şübhələrdən qurtulaq.
Ümumilikdə isə müxalifət daxilində çox kövrək münasibətlər var. Bu müxalifət “liderləri”nin öz keyfiyyətləridən, xüsusiyyətlərindən irəli gələn məsələlərdir. Müxalifət daxilində birincilk uğrunda mübarizə gedir. Bizim ən böyük səhvimiz budur. Biz yalnız öz daxilimizdə birinci olmaq üçün mübarizə aparırıq”, - E.Quliyev vurğulayıb.
Qeyd edək ki, Emin Hüseynov "Facebook"da "kimin prezident olmasını istərdiniz?" sualı ilə onlayn "seçki" keçirir. Səsverməyə müxalifəti təmsil edən partiya sədrləri və birlik rəhbərləri çıxarılır.
Müsavatın keçmiş başqanı İsa Qəmbər "yarımfinal"da mübarizəni dayandırdığından, növbəti mərhələdə AXCP sədri Əli Kərimli REAL-ın həbsdə olan rəhbəri İlqar Məmmədovla yarışmalı olub. Nəticədə Əli Kərimli İlqar Məmmədova onlayn seçkidə uduzub. Bu isə iki qurum arasında qarşıdurmaya səbəb olub.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Milli-Şura AXCP REAL İlqar-Məmmədov Əli-Kərimli