İlham Əliyevin Davosda görüşləri davam edir - Yenilənib

İlham Əliyevin Davosda görüşləri davam edir - Yenilənib
  24 Yanvar 2018    Oxunub:2651
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşüb.
Stiven Şvarzman bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirdi. O, “Blackstone” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğuladı.

Prezident İlham Əliyev “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirdi. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih ilə görüşü olub.


Xəlid Əl Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və rəğbət hissini dövlətimizin başçısına çatdırdı. O, Kralın Azərbaycan Prezidentinin bu yaxınlarda ona göndərdiyi məktubdan böyük məmnunluq hissi keçirdiyini bildirdi.

Prezident İlham Əliyev məktubunda Krala və Səudiyyə Ərəbistanına dərin hörmətini ifadə etdiyini, ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu vurğuladı. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin, iqtisadi, enerji təhlükəsizliyi və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğunu bildirdi. Söhbət zamanı OPEC çərçivəsində əməkdaşlıqdan və SOCAR və “Saudi Ramko” şirkətləri arasında işbirliyindən danışıldı. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür etdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş etdi.

***

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub.

Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan uğurlu addımlardan danışıldı.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet istiqamətlərdən biri olduğu qeyd edildi və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıldı. “Microsoft” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əməkdaşlığın perspektivləri müzakirə olundu.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Microsoft  





Xəbər lenti