Lökbatan-Güzdək yolu yenidən qurulur

Lökbatan-Güzdək yolu yenidən qurulur
  24 Yanvar 2018    Oxunub:2063
Bu ilin ilk qəsəbələrarası avtomobil yolu layihəsi olan Lökbatan-Güzdək yolunun yenidən qurulması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən xəbərə görə, yolun uzunluğu 9,1 kilometr təşkil edir. Lökbatan-Güzdək avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edəcək.

Artıq yolun 4,6 kilometrlik hissəsində yeni yol yatağı inşa olunub. Yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədilə kənardan xüsusi material gətirilərək yol yatağı ortalama 1 metr hündürlüyə qaldırılıb. Hazırda sözügedən hissədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.

Torpaq işləri bitəndən sonra yola 2 qat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. Asfaltlanma işləri yolun 60 min kvadratmetrdən çox sahəsində aparılacaq. Bundan başqa, layihəyə uyğun olaraq 3 yerdə yolun altından suların ötürülməsi üçün suötürücü borular quraşdırılacaq və 1 ədəd mövcud 5 metr uzunluğunda dörbucaqlı su keçidi əsaslı şəkildə bərpa ediləcək.

Yolun yenidən qurulması ilə 3 yaşayış məntəqəsinin 43 minə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yolun birləşdirdiyi qəsəbələrarası yük və sərnişin daşıması rahatlaşacaq.

Yenidənqurma və bərpa işlərindən sonra yol boyu hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması və yolun xətlənməsi kimi zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunub ki, kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, ötən il Bakı şəhərində 10 qəsəbələrarası avtomobil yolu yenidən qurulub. Cari ildə isə 11 qəsəbələrarası yolun yenidən qurulması nəzərdə tutulub ki, artıq bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərə başlanılıb.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti