Nazir 5 rayonun sakinlərini qəbul edib

Nazir 5 rayonun sakinlərini qəbul edib
  24 Yanvar 2018    Oxunub:1378
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Salyan rayonunda keçirilən qəbul zamanı vətəndaşların müraciətlərində sosial təminat növlərinə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb edilmə, bərpa müalicəsinə köməklik göstərilməsi, imtiyazlı kateqoriyalardan olanların mənzil və reabilitasiya vasitələri ilə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, sosial sığorta münasibətləri və digər məsələlər əksini tapıb.

Nazir vətəndaşlarla görüşündə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf strategiyasının uğurları barədə məlumat verib: “Xüsusilə bölgələrin iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı sahələrinin dirçəldilməsi, aqrar sektorun ildən-ilə canlanması kənd yerlərində yaşayan əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayıb. Məsələn, təkcə son iki il ərzində pambıq istehsalının səkkiz dəfə artırılması şəraitində 200 minə yaxın əhalinin bu sahədə məşğulluğuna imkan yaradılıb. Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarında da aqrar sahələrin inkişafı tədbirləri əhalinin işlə təminatında mühüm irəliləyişlərə, yeni sənaye parklarının, məhəllələrinin yaradılması bölgələrin əmək bazarında inkişaf meyllərinə səbəb olub. Keçən il Neftçala rayonunda Sənaye Məhəlləsinin istifadəyə verilməsi buradakı əmək tutumlu yeni müəssisələrdə 500-ə yaxın əhalinin işlə təminatına imkan verib”.

Qəbul zamanı müraciətlərdə əksini tapan ayrı-ayrı məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb, 2 nəfər sağlamlıq imkanları məhdud uşağa və 1 nəfər əlilliyi olan şəxsə əlil arabaları verilib. Bir sıra müraciətlərə uyğun olaraq yaşadıqları ərazi üzrə vakant iş yerlərinə göndərişlər verilib. Müraciətlərə əsasən, ayrı-ayrı şəxslərin reabilitasiya vasitələri, o cümlədən protez məmulatlarla təmin edilmələri, nazirliyin bərpa mərkəzlərində bərpa müalicəsinə, habelə aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları və s. tapşırılıb.

Ölkəmizin digər bölgələrində olduğu kimi, bu bölgədə də əmək bazarında stabilləşmənin müşahidə edildiyi və məşğulluq mərkəzlərinə iş üçün edilən müraciətlərin 2017-ci ildə əvvəlki illə müqayisədə azaldığı qeyd edilib: “Ötən il həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonları üzrə 2267 nəfər işsiz və işaxtaran münasib işlərlə təmin olunub, 41 nəfər peşə hazırlığına, 70 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Özünüməşğulluq proqramı çərçivəsində həmin rayonlarda 84 aztəminatlı ailəyə aktivlər (mal və materiallar) alınıb verilməklə onların kiçik ailə təsərrüfatları yaradılıb. Cari il ərzində isə həmin rayonlarda 500-ə yaxın ailəni həmin proqrama cəlb etməklə kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulur”.

Cəbrayıl rayonundan olan məcburi köçkünlərin müraciətləri diqqətlə dinlənilərək cavablandırılıb və həmin müraciətlərdə ifadə olunan məsələlərin həlli ilə əlaqədar konkret tapşırıqlar verilib. Məcburi köçkünlərin problemlərinin aradan qaldırılması sahəsində aparılan işləri diqqətə çatdıran nazir bildirib ki, Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində qazandığı parlaq tarixi qələbə minlərlə hektar torpağın işğaldan azad olunması ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də təhlükəsiz yaşayışın bərpasına imkan verib: “Ölkə Prezidenti İlham Əliyevin konkret tapşırıqları əsasında qısa müddətdə böyük bərpa-quruculuq işləri aparılmaqla müasir tələblər səviyyəsində yaşayış infrastrukturunun yaradıldığı Cocuq Mərcanlıda yerli əhalinin aktiv məşğulluq tədbirlərinə cəlb olunması, xüsusən də burada yaşayan ailələrin özünüməşğulluq proqramında iştirakına əlverişli şərait yaradılması üçün müvafiq işlər görülür. Bu il Cocuq Mərcanlı kəndindən də bir qrup ailənin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur”.

İmtiyazlı kateqoriyalardan olanların dövlət büdcəsi hesabına mənzillə təmin olunması ilə əlaqədar müraciətləri cavablandırılaraq bildirilib ki, dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində bu sahədə işlər ildən-ilə güclənir: “Həmin işlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son üç ildə Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarında 61 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib”.

Qəbula gələn vətəndaşlar respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, regionlarının sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı sahələrinin dirçəldilməsi və kənd rayonlarında əhalinin məşğulluq imkanlarının artırılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

AzVision.az


Teqlər: ƏƏSMN   Səlim-Müslümov  





Xəbər lenti