Azərbaycan Rusiyadan yeni silah və texnikalar alacaq

Azərbaycan Rusiyadan yeni silah və texnikalar alacaq
  24 Yanvar 2018    Oxunub:6875
Ötən gün Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti”yə müsahibəsində bildirib ki, Rusiya ilə ölkəmiz arasında hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparılır. Dövlət başçısı deyib ki, bu istiqamətdə heç bir məhdudiyyət görmürük:
"Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır", - deyə prezident vurğulayıb.

Prezident bu istiqamətdə Rusiya ilə əməkdaşlığı məhsuldar adlandırıb və qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub. Artıq silahların alındığını deyən İlham Əliyev əməkdaşlıqla bağlı gələcək planlar üzərində işin davam etdiriləcəyini diqqətə çatdırıb.

Hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, 2009-cu ildən etibarən Azərbaycan və Rusiyanın hərbi-texniki əməkdaşlığında dinamikanın yüksəlməsi müşahidə olunur. Ekspertin fikrincə, həmin ildə Azərbaycan və Rusiya "S-300 PMU2 Favorit" zenit-raket komplekslərinin, daha sonra isə 24 ədəd Mİ-35M və 40-dan artıq Mİ-17 helikopterlərinin alınmasına dair böyük müqavilə imzalayıb:

“Bunun ardınca isə digər müqavilələr imzalandı. Belə ki, 100 ədəd T-90S, 100 ədəd BMP-3 piyada döyüş maşını, 18 ədəd “Vena” özüyeriyən minaatan, 18 ədəd MSTA-S özüyeriyən haubitsa, mühəndis-istehkam maşınları, özüyeriyən körpülər, sursat zərərsizləşdirmək maşınları, çox sayda BTR 82-A zirehli transportyorunun və TOS-1A ağır odsaçan artilleriya sisteminin alınması baş tutub. Bu müqavilələrin ümumi həcmi 5 milyard dollardan çoxdur. Müqavilələr üzrə əsas texnikaların çatdırılması demək olar ki, tamamlanıb. Son olaraq bu günlərdə BTR 82-A-lar gətirildi. Bundan əlavə döyüş sursatları da ölkəmizə göndərilib”.



R.Süleymanov qeyd edib ki, Rusiya ilə növbəti müqavilələr hərbi aviasiya və hərbi dəniz qüvvələri ilə bağlı ola bilər: “Rusiya hərbi sənayesinin bir sıra sahələrə görə, dünyada özünəməxsus yeri var. Zenit-raket kompleksləri sayəsində dünyada liderliyini qoruyub saxlayır. Eləcə də tank texnikalarının istehsalı sahəsində Rusiya ön yerlərdə dayanır. Həmçinin aviasiya və artilleriya sistemləri sahəsində də qabaqcıl yeri tutur.



Rusiyadan aldığımız silahların bir çoxu 2016-cı ilin aprel döyüşlərində istifadə olunub. Bu silahlar döyüşlərdə özünü doğruldub. Rusiya hərbi sənayesi son 2 ildə Suriya poliqonunda kiçik atıcı silahlardan başlayaraq uzaq mənzilli raketlərə qədər 160-dan çox çeşiddə silah-sursatı praktik olaraq sınaqdan çıxarıb”.



Hərbi ekspert vurğulayıb ki, Azərbaycana qarşı aparıcı hərbi sənaye ölkələri olan ABŞ, İngiltərə, Fransa və Almaniya kimi digər Qərb ölkələrinin rəsmi və qeyri-rəsmi formada silah embarqosu mövcuddur: “Buna baxmayaraq, ordunun silahlanma prosesi dayanmır və hər zaman bu yenilənməlidir. Belə olan halda embarqonu aşmaq üçün alternativ bazarlara üz tutulmalıdır. Bunlardan biri də Rusiyadır. Təbii ki, bundan yararlanmaq lazımdır. Döyüş təhdidlərinə qarşı silahlanma mütləqdir. Rusiya istehsalı olan silahlar öz parametrlərinə və taktiki-texniki xüsusiyyətlərinə görə Qərb silahlarını üstələyirlər. Belə olan halda niyə də Rusiyadan silahlar alınmasın. Qərb bizə silah bazarı qapılarını açana qədər Rusiyadan yararlanmaq lazımdır”.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti