Ötən il qeydə alınan hərbi cinayətlərin 99,3 faizi açılıb

Ötən il qeydə alınan hərbi cinayətlərin 99,3 faizi açılıb
  26 Yanvar 2018    Oxunub:1721
Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin, xüsusən də bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb.
AzVision.az-ın məlumatına görə, bu barədə respublika hərbi prokuroru Xanlar Vəliyev Hərbi Prokurorluqda ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında bildirib.

O, qeyd edib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə də qeydə alınmış böyük ictimai təhlükə törətməyən cinayətlər 8,1 faiz, hərbi xidmətdən yayınma cinayətlərinin sayı 8,8 faiz, qulluğa səhlənkar yanaşma cinayətlərinin sayı 11,8 faiz, silahla və ya ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətlərinin sayı 25 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərinin sayı 27,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin sayı 3,4 faiz azalıb.

2016-cı illə müqayisədə hesabat dövründə birləşmələr üzrə qeydə alınmış cinayətlərin sayı Dövlət Sərhəd Xidmətinin hərbi hissələri üzrə 21 faiz, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri üzrə isə 7,7 faiz azalıb. Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrinin, eləcə də ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla belə, ötən il Silahlı Qüvvələrdə bəzi növ cinayətlərin cüzi artımı qeydə alınıb.

Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 36 nəfər tutularaq istintaqa cəlb edilib.

AzVision.az



Teqlər: Hərbi-Prokurorluq  





Xəbər lenti