Xanlar Vəliyev: 670 qanunsuz qərar ləğv olunub

Xanlar Vəliyev: 670 qanunsuz qərar ləğv olunub
  26 Yanvar 2018    Oxunub:1501
Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2017-ci ildə korrupsiya və rüşvətxorluq faktları üzrə 146 şəxs barəsində 123 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə müvafiq hərbi məhkəmələrə göndərilib.
AzVision.az-ın məlumatına görə, bu barədə respublika hərbi prokuroru Xanlar Vəliyev Hərbi Prokurorluqda ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında bildirib. O, qeyd edib ki, 2017-cı ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.

Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş, onların əməlləri nəticəsində dövlətə vurulmuş maddi ziyanın 86,8 faizi istintaq zamanı ödətdirilib.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 153 yoxlama keçirilməklə 2887 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 268 təqdimat verilib, 256 nəfərə xəbərdarlıq elan edilib, 28 cinayət işi başlanıb. Habelə təhqiqat orqanlarının icraatında olan işlər üzrə 119 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 670 qanunsuz qərar ləğv olunub. Onlardan 40-ı üzrə cinayət işi başlanıb.

Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 2070 müraciətinə baxılıb, mərkəzi aparatda 973 vətəndaş qəbulda olub, ərazi hərbi prokurorluqlarında 3431 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə isə 2506 nəfər qəbul edilərək müraciətlərinə baxılıb.

AzVision.az


Teqlər: Hərbi-Prokurorluq  





Xəbər lenti