Hərbi prokuror ötən ilin hesabatını verdi

  26 Yanvar 2018    Oxunub : 680
Hərbi prokuror ötən ilin hesabatını verdi

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2017-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

AzVision.az-ın məlumatına görə, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini - Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2017-ci ildə dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini diqqətə çatdırıb. Bildirib ki, 2017-ci ildə həyata keçirilmiş uğurlu iqtisadi islahatlar nəticəsində yerli investorlarla yanaşı, xarici investorlar tərəfindən ölkə iqtisadiyyatına ümumilikdə 14,6 milyard dollar sərmayə qoyulub. İxrac olunan məhsulların həcmi 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb, 221 min yeni iş yeri açılıb. İlin yekunlarına görə işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz təşkil edib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb.

Həmçinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyünün, suverenliyinin Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənməsi, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması, Cənub Qaz Dəhlizinin uğurlu icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımların atılması, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi 2017-ci il ərzində dövlətimizin siyasi, diplomatik, iqtisadi və idman sahələrində əldə etdiyi uğurlardır.

X.Vəliyev bildirib ki, il ərzində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin qısa müddətdə bərpa edilərək məcburi köçgünlərin doğma torpaqlarına qayıdışının təmin olunması göstərir ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız tezliklə işğaldan azad ediləcək, bütün şəhər və kəndlərimiz yenidən qurulacaq, həmvətənlərimiz doğma torpaqlarına qayıdacaqlar.

Ölkə iqtisadiyyatının dinamik inkişafının və dayanıqlılığının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror vurğulamışdır ki, son illər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbiçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlib, şəxsi heyətin nizam-intizamının daha da artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub.

Qeyd edilmişdir ki, Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə olunub. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanıb təsdiq edilərək icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, əzmi və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən illərdə olduğu kimi, 2017-ci ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib. Azərbaycan Prezidentinin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirilib. Bu da Silahlı Qüvvələrin qüdrətinə xələl gətirə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israf etmə, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.

Xanlar Vəliyev Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu vurğulayaraq bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.
Xanlar Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb efib . Qeyd edilib ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 59 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, bir sözlə cəzanın məqsədinə nail olunmasının təmin edilməsi üçün hesabat dövründə 68 məhkəmə prosesi səyyar qaydada keçirilib . Səyyar məhkəmə baxışının cinayətkarlığa qarşı mübarizədə xəbərdaredici funksiyasının əhəmiyyətini xüsusi vurğulayan hərbi prokuror qeyd etmişdir ki, bəzi hərbi məhkəmələrdə qanunvericiliyin bu mexanizmindən yetərincə istifadə olunmur.

Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilib. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılması və qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə tövsiyə və tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq onlara əməl edilməsi hər bir əməkdaşdan ciddi tələb edilib.

Xanlar Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirmişdir ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin X.Vəliyev bildirib ki, vətəndaşlarımızda vətənpərvərlik hisslərinin yüksəldilməsi, azərbaycanlıların kütləvi qırğınlarının tarixi barədə məlumatların gənclərə verilməsi və düşmən tərəfindən törədilmiş cinayətlər haqqında obyektiv həqiqətlərin ictimaiyyətə çatdırılması məqsədilə müxtəlif dövlət strukturları və ictimai təşkilatlara məktublar göndərilərək 2017-ci il ərzində 4965 nəfərin Memorial Soyqırımı Muzeyini ziyarət etməsi təmin edilib. Həmçinin “Xocalı soyqırımının 25-ci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar 2017-ci il fevralın 22-də Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu ilə birgə Respublika Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində elmi-praktiki konfrans keçirilib. Respublika Hərbi Prokurorluğunun və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun növbəti birgə layihəsi olan “Soyqırımı muzeyi” kitabının və Respublika Hərbi Prokurorluğu tərəfindən hazırlanmış “Əsrin faciəsi” rəqəmsal video filminin təqdimatı keçirilib.

Kollegiyada, görülən müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid edilib, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Vurğulanıb ki, hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülüb, qanunvericiliyin öyrənilməsi ilə əlaqədar “Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi, Dövlət Sərhəd XidmətiDaxili Qoşunlarla birgə Tədbirlər Planı”na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm qaydada hərbi hissələrdə olub, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr edib, onlarla söhbətlər aparıb, eləcə də xidmətlərində fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr veriblər.

Həmçinin 2017-ci ildə Baş prokurorun “Azərbaycan Respublikası Hərbi Prokurorluğunun strukturunda dəyişikliklər edilməsi barədə” 2017-ci il 31 mart tarixli əmri ilə Respublika Hərbi Prokurorluğunda İnformasiya-kommunikasiya texnologiyaları şöbəsi yaradılıb. Sonra məruzə ətrafında çıxışlar olunub.

Kollegiyada Respublika hərbi prokurorunun müavinləri, ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Rasim Kazımov, dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi, ədliyyə polkovniki Aydın Ələsgərov, Bakı hərbi prokuroru, ədliyyə polkovniki İmran Əhmədov və Qazax hərbi prokuroru, ədliyyə polkovniki Şahin Zamanov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq bildirib ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.

AzVision.az

Teqlər: Hərbi-Prokurorluq   Xanlar-Vəliyev   Kollegiya-İclası