Seysmoloji xidmət Bayılda monitorinq aparır

  26 Yanvar 2018    Oxunub : 406
Seysmoloji xidmət Bayılda monitorinq aparır

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi "Televiziya" qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə bir neçə gündən bəri başlayan monitorinqi davam etdirir.

Mərkəzin İnformasiya şöbəsindən AzVision.az-a verilən məlumata görə, aparılan monitorinqə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik edir. RSXM-nin əməkdaşları tərəfindən ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb.

RSXM tərəfindən Bayıl dərəsinin yamacları boyunca ("Teleqüllə" kompleksinin yaxınlığında) gedən torpaq sürüşməsi prosesinin inkişaf dinamikası, sürüşməyə məruz qalan torpaq kütləsinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər paramertlərinin müəyyən edilməsi üçün ərazidə seysmoloji, geofiziki, maqnitometrik, qravimetrik və digər üsullarla kompleks tədqiqatlar aparılır.

Tədqiqatlar ərazidə gedən sürüşmə prosesi dayanana qədər davam etdiriləcək. Aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim ediləcəkdir.

AzVision.az

Teqlər: AMEA   Bayıl