Dövlət başçısının gənclər siyasətilə bağlı tövsiyələri prokurorluq orqanlarında uğurla həyata keçirilir

Dövlət başçısının gənclər siyasətilə bağlı tövsiyələri prokurorluq orqanlarında uğurla həyata keçirilir
  27 Yanvar 2018    Oxunub:2212
Yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Kollegiya iclasında qeyd edilib ki, 2017-ci ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb.

Hesabat dövründə xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 9 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 107 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 780 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 66 faizini təşkil etməsi, eləcə də 60 ştat vahidi üzrə elan edilmiş növbəti qəbul üzrə cari il ərzində vakant vəzifələrə təyinatların aparılacağı prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilib.

Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2017-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.

Qeyd edilib ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunub. Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın artırılması tələb edilib.



Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2017-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini Namiq Əsgərov, Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov, Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov və digər natiqlər çıxışlarında 2017-ci il ərzində görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsinə yönəldilmiş konkret təkliflər irəli sürülüb.

Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.

AzVision.az



Teqlər: #Baş-Prokurorluq   #Gənclər-siyasəti  





Xəbər lenti