Ötən il 162 nəfər dini etiqad azadlığını pozub - Polis polkovniki

Ötən il 162 nəfər dini etiqad azadlığını pozub - Polis polkovniki
  29 Yanvar 2018    Oxunub:6268
“2017-ci ildə dini etiqad azadlığını pozan 162 nəfər müəyyən edilib".
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətində "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda keçirilən seminar-müşavirədə Daxili İşlər Nazirliyinin (DİN) Baş ictimai təhlükəsizlik idarəsinin məsul nümayəndəsi, polis polkovniki Oktay Tağıyev deyib.

O, bildirib ki, həmin şəxslərdən 2 nəfəri cinayət məsuliyyətinə cəlb olunub: “42 nəfər müvafiq məsuliyyətə cəlb olunub, 1 nəfər barəsində araşdırma aparılması üçün prokurorluq orqanlarına təhvil verilib. Həmin şəxslərdən 3 ədəd tüfəng, 585 ədəd zərərli dini ədəbiyyat götürülüb. Görülmüş tədbirlər nəticəsində məsuliyyətə cəlb olunmuş şəxslərdən 2 nəfər inzibati həbs olunub, 52 nəfər 86 min manat məbləğində cərimələnib, 73 nəfərə xəbərdarlıq edilib. 4 nəfər azyaşlı barədə materiallar yerli icra hakimiyyəti yanında komissiyalara göndərilib".

DİN rəsmisi vurğulayıb ki, 2017-ci ildə Azərbaycanda yaşamaq hüququ verən sənədləri olmadan ölkədə yaşayan 144 əcnəbi müəyyən edilib: “Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. 17 nəfər ölkə hüdudlarından kənara çıxarılıb, 127 nəfər müvafiq tədbirlər görülməsi üçün Dövlət Miqrasiya Xidmətinə göndərilib”.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİN  





Xəbər lenti