Ailələri Kəlbəcər girovlarından məlumat ala bilmir
Girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov AzVision.az-a bildirib ki, atasından sonuncu dəfə noyabr ayında məktub alıb.
K.Əsgərov atasının azadlığa çıxması üçün Türkiyədə görüşlər keçirəcəyini söyləyib: “Xocalı soyqırımı ərəfəsində Türkiyəyə gedib, orada görüşlər keçirəcəyəm. İstəyirəm Türkiyə mətbuatının, ictimaiyyətinin diqqətini bu məsələyə yönəldim və prezident Ərdoğandan kömək istəyim”.
Girovluqda olan Şahbaz Quliyevin ailəsi də ondan xəbərsizdir. Girovun qardaşı İlham Quliyevin bildirdiyinə görə, sonuncu dəfə Şahbazdan iki ay əvvəl məktub alıb.
“Şahbazdan xəbərimiz yoxdur. Axrıncı dəfə məktub göndərəndə vəziyyəti çox pis idi”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: