Rusiyalı tarixçi: “Ərdoğan Qarabağa görə Putinə təzyiq edəcək” (MÜSAHİBƏ)

Rusiyalı tarixçi: “Ərdoğan Qarabağa görə Putinə təzyiq edəcək” (MÜSAHİBƏ)
  30 Yanvar 2018    Oxunub:12070
“Ermənistan rəhbərliyinin səmimiyyətinə Rusiyada heç kim inanmır”
Rusiyalı tarixçi, politoloq Oleq Kuznetsovun AzVision.az-ın suallarını cavablandırıb:

- 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair gözləntiləriniz nədən ibarətdir?

- Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi bu il aktual olaraq qalacaq. Hətta daha böyük əhəmiyyətə malik olacaq. Çünki, hazırda Türkiyə və Rusiyanın aktiv yaxınlaşması prosesi müşahidə olunur. Türkiyə Azərbaycanın aktiv və rəsmi olaraq yeganə tərəfdaşıdır. Prezident Ərdoğan dəfələrlə Dağlıq Qarabağ problemini qaldırıb. Hesab edirəm ki, əgər Rusiya və Türkiyə doğurdan da əsl tərəfdaş olmaq istəyirsə, prezident Putin seçkilərdən sonra (heç kim onun yenidən bu posta seçiləcəyinə şübhə etmir) Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həlli məsələsini qaldırmağa məcbur olacaq.

Həmçinin 2019-cu ildə Türkiyədə Konstitusiya islahatları yekunlaşacaq. Bu islahatlar nəticəsində Ərdoğan tamhüquqlu ölkə rəhbərinə çevriləcək. Belə bir statusu əldə etmək üçün konstitusiya islahatlarının keçirildiyi keçid dövründə hər hansı bir nailiyyət əldə etmək lazımdır. Bu anlamda Dağlıq Qarabağ münaqişəsinin həlli bunun üçün müsbət amil ola bilər. Bu mənada mən Rusiyanın Cənubi Qafqazda xarici siyasət vektorunun Bakıya çevrilməsi üçün 2018-ci ildə Türkiyənin Rusiyaya aktiv şəkildə təzyiq edəcəyini gözləyirəm.

- Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2017-ci ilin yekunlarını şərh edərkən Rusiya XİN rəhbəri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həlli barədə çıxışına toxunub. Nalbandyan qeyd edib ki, mərhələli və ya paket variantı 20 il əvvəl aktual idi. Bu gün isə belə deyil. Bununla bağlı fikirlərinizi öyrənmək istəyərdik?

- Düşünürəm ki, hazırda Ermənistanda elə vəziyyət yaranıb ki, Rusiya bu ölkə ilə hesablaşmayacaq. Avropa İttifaqı və Ermənistan arasında hərtərəfli və genişlənmiş əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra Ermənistan rəhbərliyinin Rusiya ilə əlaqələri möhkəmləndirmək barədə bəyanatlarının səmimiliyinə heç kim inanmır. Ona görə cənab Nalbandyanın fikirlərini şərh etməmək və səsləndirdiyi bəyanatı onun şəxsi fikri kimi dəyərləndirmək olar.

- Azərbaycan və Rusiya əlaqələrini necə qiymətləndirirsiniz?

- 2013-cü ildən bəri faktiki olaraq beş ildir ki, ölkələrimiz arasında münasibətlərdə aktiv inkişaf qeydə alınır. Hazırda geosiyasi, iqtisadi və hərbi-əməkdaşlıq münasibətləri ən yüksək tərəfdaşlıq səviyyəsindədir. Düşünürəm ki, bu il də vəziyyət belə olacaq. Hazırkı münasibətlərə təsir edə biləcək hər hansı bir element görmürəm. Lakin bir şeyi vurğulamaq istəyirəm. Azərbaycanlıların Rusiyada yeni iş yerləri yaratmasına baxmayaraq, oponentlərinizdən fərqli olaraq onlar Rusiya iqtisadiyyatına inteqrasiya olmurlar. Dövlət səviyyəsindən fərqli olaraq özəl sektorda birgə böyük layihələrin olmaması nəticəsində azərbaycanlı və rusiyalı biznesmenlər arasında inam yoxdur. Ümid edirəm ki, bu il Azərbaycan və rus biznesmenlər tərəfindən birgə layihələr həyata keçiriləcək. Bu, hər iki ölkənin xeyrinə olacaq. Bununla da Azərbaycan diasporunun və Azərbaycan xalqının imici Rusiya vətəndaşlarının gözündə kəskin qalxacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Oleq-Kuznetsov   Qarabağ   Rusiya   Tarixçi   Ermənistan  





Xəbər lenti