Nalbandyanın Lavrova qarşı çıxışının səbəbi – Politoloqdan şərh

  30 Yanvar 2018    Oxunub : 2612
Nalbandyanın Lavrova qarşı çıxışının səbəbi – Politoloqdan şərh
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan 2017-ci ilin yekunlarını şərh edərkən Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli həllinə dair təklifinə münasibət bildirib. Nalbandyan hesab edir ki, münaqişənin mərhələli və ya paket həll variantı 20 il əvvəl aktual idi. Bu gün isə məsələ o qədər də gündəmdə deyil.
"Həmsədrlər dəfələrlə bildiriblər ki, məsələ təkliflər paketi əsasında həll olunmalıdır və bir prinsipi seçmək cəhdləri nizamlanmanı mümkünsüz edir. Paket nizamlanma isə mərhələli həll yolunu nəzərdə tutur".

Nalbandyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrova zidd çıxışı nədən qaynaqlanır?
Politoloq Sahil İskəndərov hesab edir ki, həm Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, həm də onun birbaşa rəhbəri, cinayətkar rejimin başçısı Serj Sarkisyan beynəlxalq ictimaiyyəti, eyni zamanda erməni xalqını azdırmağa yönəlmiş bəyanatlar verməklə məşğuldur. Erməni nazirin son açıqlaması da bu qəbildəndir.

“Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bu bəyanatına iki kontekstdən yanaşmaq lazımdır. Birinci, tezliklə Ermənistanda parlament seçkiləri keçiriləcək. Yeni konstitusiya ilə əsas fiqur baş nazir olacaq. Bu, o deməkdir ki, yeni baş nazir öz komandasını formalaşdıracaq. Bir çox mənbələr göstərir ki, Sarkisyan özü baş nazir olmaq istəyir. Hazırda erməni nazirlərin hamısı, xüsusilə son illər Sarkisyanla birgə işləmiş nazirlərin əksəriyyəti isti yerlərini qoruyub saxlamağa çalışır. Bu baxımdan Edvard Nalbandyan erməni xalqından çox, rəhbəri Sarkisyana göstərmək istəyir ki, Qarabağ məsələsində onunla sona qədər addımlamaq istəyir. Bu, Nalbandyan tərəfindən edilmiş aldadıcı manevrdir. Həm xalqa, həm də Sarkisyana göstərmək istəyir ki, Dağlıq Qarabağla bağlı destruktiv mövqeyi dəyişəyib.



İkinci, Rusiyanın xarici işlər naziri Sergey Lavrov kifayət qədər təcrübəli diplomatdır. O, gözəl başa düşür ki, münaqişənin mərhələli həllindən başqa yolu yoxdur. Həm də Lavrov yaxşı bilir ki, mərhələli həll planında Dağlıq Qarabağın statusu sonuncudur. Ona görə də Edvard Nalbandyanın bəyanatı ağ yalandır. Digər bir tərəfdən Nalbandyanın nə deməsindən asılı olmayaraq, Moskvanın əmri İrəvan üçün konkret olaraq qanundur. Ermənistan tam şəkildə Rusiyanın vassalıdır. Bu məsələdə Moskva Ermənistanın boğazından yapışsa ki, mərhələli həllə imza atırsan, ondan sonra Ermənistandakıların hansı bəyanatı verməsindən asılı olmayaraq, heç bir nəticəsi olmayacaq. Bu baxımdan hesab edirəm ki, erməni nazirin Lavrovun mövqeyinə qarşı çıxması boş məsələdir. Bunu Nalbandyanın özü də yaxşı bilir”.

Politoloq qeyd edib ki, bu məsələdə az ehtimal olunan üçüncü məqam da var: “Məhz Moskvanın icazəsi ilə Ermənistan Avropa İttifaqının Şərq Tərəfdaşlığının son sammitində heç bir hüquqi əhəmiyyətə malik olmayan çərçivə sazişini imzaladı. Bu, Ermənistanda bir çoxlarını çaşdırıb, onların eyforiyaya qapılmasına səbəb olub. Həmin şəxslərdən biri də Nalbandyandır. O, Qərbdən gəlmiş, qərbpərəst siyasətçidir. İndi Moskvaya mesaj vermək istəyir ki, “bizi çox sıxışdırsanız, bu məsələni Rusiyasız həll edə bilərik”. Qərb Ermənistanı Rusiyanın caynağından xilas etmək üçün Moskvaya təzyiq etməyəcək. Qərb Ermənistana görə Rusiya ilə kəllə-kəlləyə gələsi deyil. Qeyd etdiyim bu üç kontekstdən baxanda görürük ki, Nalbandyanın bəyanatı tamamilə əsassızdır. Əgər Moskva deyirsə ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır, o zaman Nalbandyanın bundan kənar verdiyi bütün bəyanatlar spekulyativ xarakter daşıyır. Nalbandyan bu bəyanatı ilə həm erməni xalqına, həm də bir çox tənqidçilərə göstərmək istəyir ki, guya Ermənistan müstəqil siyasət yürüdür”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Ermənistan   Rusiya   Nalbandyan   Qarabağ