Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib

Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib
  30 Yanvar 2018    Oxunub:2021
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az–a verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 30-da ədliyyə naziri Fikrət Məmmədov Şamaxı rayonu Heydər Əliyev Mərkəzində Şamaxı, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.

Müşavirədə ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunub, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı tapşırıqlar verilib, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının tapşırıqlarından və qanunvericiliyə edilmiş dəyişikliklərdən irəli gələn vəzifələrə toxunulub.

AzVision.az



Teqlər: Ədliyyə-Nazirliyi   Fikrət-Məmmədov  





Xəbər lenti