“Din adı altında zərərli qruplar fəaliyyət göstərir” - Komitə sədri

“Din adı altında zərərli qruplar fəaliyyət göstərir” - Komitə sədri
  30 Yanvar 2018    Oxunub:1982
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib.
Dövlət Komitəsindən AzVision.az-a bildiriblər ki, yerli hüquq mühafizə orqanları rəhbərlərinin, YAP Şirvan şəhər təşkilatı fəallarının, dini icma sədrlərinin, din xadimlərinin, ilahiyyatçıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev açıb. İcra hakimiyyəti başçısının birinci müavini ölkəmizdə tolerantlıq və multikulturalizm siyasətinin bugünkü inkişaf mərhələsinə gəlib çatmasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin yorulmaz fəaliyyətindən söz açıb.

Şirvandakı sabit dini durum barədə məlumat verən S.Abıyev dini maarifləndirmə tədbirlərinin, dini radikalizmin fəsadlarından bəhs edən sənədli filmlərin nümayişinin əhəmiyyətindən də danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bu ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyət İli” elan edilməsinin önəminə toxunub, müstəqil Azərbaycan Respublikasının 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bildirib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən atılan bu mühüm addım, eyni zamanda, Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətlərinin tarixinə nəzər salmağımıza səbəb olur. Bugünkü nümunəvi dövlət-din modelimiz bizim tariximizə, ənənələrimizə əsaslanır. Sovetlər dövründə dinə qarşı təzyiqlər edilsə də, xalqımız dini-mənəvi dəyərlərə sadiqliyini qoruyub saxlaya bilib.

Mübariz Qurbanlı vurğulayıb ki, müstəqilliyimizin bərpasından sonra dövlət-din münasibətləri, ayrı-ayrı etnoslar arasında əlaqələr, hər bir xalqın mədəni-mənəvi dəyərlərinin öyrənilməsi və təbliği yeni keyfiyyət mərhələsinə qaldırılıb. Nümunəvi siyasətin bu gün yeni formada özünü göstərdiyini deyən Komitə sədri Prezidentimizin dinə qayğısının təzahürü olaraq, 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etdiyini, ötən ilin oktyabr ayında Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi haqqında Fərman imzaladığını diqqətə çatdırıb. Bildirib ki, Fondun nizamnaməsində milli mənəvi dəyərlərimizin təbliği əsas istiqamət təşkil edir.

Dövlət Komitəsinin sədri müasir dövrdə bir sıra siyasi mərkəz və dairələrin, eləcə də bəzi ölkələrin münasibətlərində ikili standartların üstünlük təşkil etdiyini diqqətə çatdırıb, buna görə də humanist dəyərlərin arxa plana keçməsinin heç kəsə sirr olmadığını, din adı altında müxtəlif zərərli qrupların fəaliyyət göstərdiyini bildirib. M.Qurbanlı həmin qrupların dinin əsas fundamental dəyərlərindən kənara çıxaraq, zərərli təşviqatlar aparmaqla insanları din adı altında başqa məqsədlərə yönəltdiyini, onları silahlı münaqişələrə cəlb etdiyini, digər mədəniyyətlərə və dinlərə qarşı qoyduğunu vurğulayıb. Qeyd edib ki, belə bir məqamda milli mənəvi və islami dəyərlərimizin qorunub-saxlanılmasına və təşviqinə böyük ehtiyac var.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hüsni Həsənov çıxışında dinə dövlət qayğısından bəhs edib. O, müstəqillik dövründə dini ibadətgahların inşa və təmir edilərək yenidən xalqın ixtiyarına verildiyini bildirib. H.Həsənov din xadimlərinin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, dövlət tərəfindən mütəmadi olaraq dini sahəyə maliyyə vəsaitinin ayrıldığını deyib.
Konfransın ikinci hissəsi “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış ediblər. Çıxışlarda dini radikalizmə qarşı mübarizə, cəmiyyətin, xüsusən gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınmasında dini maarifləndirmənin rolu və önəmi kimi məsələlərə toxunulub.

AzVision.az


Teqlər: Dövlət-Komitəsi  





Xəbər lenti