Gömrük Komitəsində kollegiya iclası keçirilib

Gömrük Komitəsində kollegiya iclası keçirilib
  30 Yanvar 2018    Oxunub:2820
Yanvarın 30-da Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 26-cı ildönümü və gömrük əməkdaşlarının peşə bayramı münasibətilə təntənəli mərasim və Dövlət Gömrük Komitəsinin 2017-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev iclası açıq elan etdikdən sonra dövlət himni səslənib.

Mərasimdə çıxış edən Aydın Əliyev bildirib ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq qısa zaman kəsiyində Azərbaycan Respublikası dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət təsisatlarının qurulması, ölkənin davamlı və dayanıqlı inkişafı istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin dərin zəkası və müdrikliyinin nəticəsi olaraq müstəqilliyinin ilk illərində bütün sahələrdə tənəzzül dövrünü yaşayan Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub və regionun lider dövlətinə çevrilib.

Komitə sədri qeyd edib ki, bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili, beynəlxalq standartlara cavab verən müasir gömrük siyasətinin həyata keçirilməsi də Ulu Öndərin yüksək idarəçilik qabiliyyəti sayəsində mümkün olub. Məhz onun yüksək diqqət və qayğısı nəticəsində gömrük orqanlarında həyata keçirilən əsaslı islahatlar, peşəkar kadrların hazırlanması, müasir tələblərə cavab verən maddi-texniki bazanın təşkili ölkəmizin gömrük xidmətinin beynəlxalq arenada nüfuzlu yer tutmasına şərait yaradıb.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan gömrüyü daha da təkmilləşib və ölkənin iqtisadi təhlükəsizliyinin qorunması, münbit biznes mühitinin yaradılması sahəsində önəmli dövlət təsisatlarından birinə çevrilib. Prezident İlham Əliyevin son illərdə gömrük işinin təşkili sahəsində reallaşdırdığı mütərəqqi islahatlar ölkəmizin ixrac potensialının, daxili istehsalın sürətlə artmasına şərait yaradıb. Aydın Əliyev əldə olunan nailiyyətlərin dövlət başçısının gömrük orqanlarına yüksək diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2017-ci ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr" barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev məruzə ilə çıxış edib.

Səfər Mehdiyev bildirib ki, 2017-ci ildə də Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları əsasında gömrük sistemində əsaslı islahatlar davam etdirilib, şəffaflıq, malların bəyan olunmasının elektron qaydada həyata keçirilməsi təmin olunub.

Məlumat verilib ki, 2017-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin olunub. İl ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 2 milyard 250 milyon manat proqnoza qarşı, faktiki olaraq 2 milyard 608,8 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.

2017-ci ildə Dövlət Gömrük Komitəsinin fəaliyyətinin əsas prioritet sahələrindən birinin elektron gömrük xidmətlərinin daha da inkişaf etdirilməsi olduğunu diqqətə çatdıran Səfər Mehdiyev gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirildiyini, Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərin sayının artırıldığını, hazırda Dövlət Gömrük Komitəsi tərəfindən vətəndaşlara və sahibkarlara Elektron Hökumət Portalı üzərindən 11 elektron xidmətin təqdim edildiyini deyib.

Sonra DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov, Aksiz Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi İdarəsinin rəisi, gömrük xidməti polkovniki Telman Mehdiyev, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov, Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vəzir Həsənov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Hüquqpozmalara Qarşı Mübarizə İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Anar Hacıyev çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.

Daha sonra iclasın gündəliyindəki, "Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli İqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri" üzrə nəzərdə tutulan tədbirlərin icrasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "2017-2020-ci illər üçün təsdiq olunmuş Tədbirlər Planı"na uyğun olaraq 2017-ci il ərzində görülmüş işlər barədə", "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2017-2021-ci illər üzrə inkişafına dair Fəaliyyət Planının icrası ilə əlaqədar 2017-ci il ərzində görülmüş işlər barədə", "Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi üzrə inzibati reqlamentin təsdiqi barədə", "Mallar haqqında gömrük-sərhəd buraxılış məntəqələrində qeydə alınan məlumatların verilməsi üzrə inzibati reqlament"in təsdiqi barədə" layihə və hesabatlar müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

Bundan başqa, "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2018-ci il üçün İş Planı" müzakirə edilərək təsdiqlənib.

Sonra "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 yanvar tarixli Sərəncamı dinlənilib, Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Ümumdünya Gömrük Təşkilatının sertifikatları verilib, eləcə də Dövlət Gömrük Komitəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Fəxri fərmanlar və xüsusi rütbələr verilməsi haqqında Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrlərinin imzalandığı diqqətə çatdırılıb.

Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

AzVision.az


Teqlər: AGK   Aydın-Əliyev   Müşavirə  





Xəbər lenti