Ziya Bünyadovun qatilinin atasından sensasion etiraflar – MÜSAHİBƏ

  31 Yanvar 2018    Oxunub : 15623
Ziya Bünyadovun qatilinin atasından sensasion etiraflar – MÜSAHİBƏ
Fevralın 21-də akademik Ziya Bünyadovun qətlə yetirilməsinin 21-ci ildönümü tamam olacaq. Həmin dəhşətli qətl hadisəsində günahlandırılaraq ömürlük həbs cəzası almış Nizami Nağıyevin atası, YAP-ın qurucularından biri, Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı Adil Nağıyev “Yeni Müsavat”a müraciət edərək qətl hadisəsi ilə bağlı ilginc məlumatlar verib.
O, uzun illərdən sonra ilk dəfə çox ciddi etiraflarını dilə gətirib, oğlunun qətldə iştirakını birmənalı şəkildə təsdiqləyib, həmçinin ölkə rəhbərliyinə müraciətlə oğlu üçün əfv diləyib.

- Qətl hadisəsi baş verən il Abşeron rayonunun icra başçısı təyin olunmuşdunuz. Lakin cəmi üç il sonra sizin işdən çıxarılmağınızın səbəbkarı da oğlunuz olub. Doğrudurmu?

- Bəli. Həmin hadisənin üstündən 18 il keçib, amma hər şey yadımdadır. Əvvəlcə onu demək istəyirəm ki, mən uzun illər Heydər Əliyevin komandasında işləmişəm. Sizdən israrla xahiş edirəm ki, bu fikirlərimi olduğu kimi dərc edəsiniz. Bu yaxınlarda ömrümün 81-ci ilini tamamladım. Sizə səmimi deyirəm, Allahın bəxş etdiyi bu ömrün təqribən 50 ilini türk dünyasının böyük şəxsiyyəti, ulu öndərimiz Heydər Əliyevin adı-sanı, nüfuzu, dünya şöhrətinə baxıb, sevinə-sevinə yaşamışam. Ata yurdum Vedibasar mahalında ermənilərin yerli-yersiz təzyiqləri altında əziyyət çəkdiyim, işsiz qaldığım illərdə, çıxış yolunu o zaman Azərbaycanda hakimiyyətdə olan ulu öndərimiz Heydər Əliyevdə gördüm. Ürəyimdə bəslədiyim inamla Azərbaycana gəldim və bu böyük şəxsiyyətin işığına sığındım.

Mən Allahın xoşbəxt bəndələrindən biriyəm ki, bu dahi şəxsiyyətlə ünsiyyətdə və təmasda olmuş, onun məsləhətlərini dinləmiş və nəhayət, rəhbərliyi altında uzun illər işləmiş, həyatımı Abşeron rayonunun iqtisadi inkişafına həsr etmişəm. Həmişə Heydər Əliyevin idarəçiliyinə, rəhbərliyinə, Azərbaycan dövlətçiliyinə böyük etibarım, hörmətim və rəğbətim olub. Bu keyfiyyətlər, bu ali qanunlara hörmətim, məhəbbətim Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli prezidentimiz İlham Əliyev cənablarının hakimiyyəti dövründə də, bu günə qədər davam edir. Mən bu əqidənin sahibi olmuşam, bu keyfiyyət mənimlə əbədidir. Onu da deyim ki, Azərbaycan dövlətinə, onun qanunlarına, Azərbaycan dövlətinin qanunlarının aliliyinə inam, hörmət və ehtiram mənimlə əbədidir. Tək mən yox, ağsaqqalı və rəhbəri olduğum ailə üzvlərimin hamısı mənimlə eyni fikirdədir.

Heydər Əliyev məni icra başçısı təyin edəndə onunla görüşmüşəm, 1 saat söhbət eləmişəm. Demişəm ki, cənab prezident, siz çox adamlara çörək, vəzifə verdiniz, amma çoxu nankor çıxdı. Sizə söz verirəm ki, mən nankor olmayacağam. Elə də işlədim. İşlədiyim müddətdə - Azərbaycanda elə bir icra başçısı yoxdur ki, ondan şikayət olmasın - məndən bir dənə şikayət olmadı. Məndən bir dənə yazılı, ya şifahi şikayət getmədi. Nə müxalifət məni söydü, nə də hökumət, namusla, qeyrətlə işlədim.

- 1997-ci ildən 2000-ci ilədək...

- Bəli. Bundan əvvəl Abşeronda 20 il sovxoz direktoru işləmişəm, Zirə, Türkan, Qobu, Ramana kəndlərində. Sonra kənd təsərrüfatı idarəsinin sədri və nəhayət, icra başçısı olmuşam. Mən Adil Nağıyev prezident Heydər Əliyevi dəstəkləmişəm, özü də tək mən yox, bütün nəslim, bütün Vedibasar hamısı.
Abşeron rayonunda YAP-ı yaradan ikinci adam mənəm. 1999-cu ildə Heydər Əliyev Gülhanə xəstəxanasından gələndə mən Adil Nağıyev 50 dənə erkək qurban gətirmişəm, Sabunçu dairəsində kəsmişəm və Heydər Əliyev orda düşüb, mən onun əlindən öpmüşəm. Ora 5 min adam çıxartmışdım qarşılanmaya. Bu, tapşırıqla yox, öz təşəbbüsümlə olub. Mən bir kitab buraxmışam, “Mən Adil Nağıyevəm”, 80 yaşımın tamam olması münasibətilə. Kitabın ilk hissəsini Heydər Əliyevlə başlamışam, məni qəbul edəndə verdiyi suallara cavablarımı dərc etdirmişəm.

- Qayıdaq qətl hadisəsinə...

- Hadisə 1997-ci ildə olub. Ancaq 2000-ci ilin oktyabr ayında üstü açılıb. O vaxt isə məni işdən götürdülər.

- Etiraf edirsinizmi ki, Azərbaycanın çox dəyərli ziyalısını qətlə yetirilməsində iştirak edən oğlunuz həm də öz atasına zərbə vurub?

- Bəli. Oğlum tək mənə yox, bütün nəslimə zərbə vurub, hamımızı işdən çıxarıblar. 4 oğlum, 1 qızım, 13 nəvəm, 13 nəticəm var. Hamımıza zərbə dəyib. Oğlanlarım hamısı dövlət qurumlarında işləyirdilər. 18 ildir heç birimiz işləmirik, “kor qız” kimi oturmuşuq evdə. Bizə böyük zərbə dəyib. Mən çox fikirləşirəm ki, bu zərbəni bizə kim vurdu axı? Mənim oğlumun atası icra başçısı işləyir... 2 oğlum akademiyanı qurtarıb, biri Nərimanovda DYP rəisi işləyir, digəri sahə rəisi işləyir. Hökumət adamı olmuşuq, niyə bizi bu oyuna saldılar?

- Ötən illər ərzində bu suala cavab tapdınız?

- Bəli, tapmışam. Birincisi, o vaxt istintaq orqanlarına, müxbirlərə deyirdim ki, əgər mənim oğlum Ziya Bünyadovun qətlində iştirak edibsə, ya onu vurubsa, elə oğul mənə lazım deyil, aparın, dar ağacından asın! Mən elə oğul böyütməmişəm. Mən 7 yaşında Ermənistanda ata-anadan yetim qalmışam, yetimliklə, əziyyətlə böyümüşəm. 1969-cu ildə ermənilərin təzyiqinə məruz qaldığım üçün qaçıb Bakıya gəlmişəm. Allahdan başqa heç kəsim olmayıb. Mən oğlumdan çox incidim, heç 10 il onun yanına getmədim. Kişi, sən nə ...yemisən?! Belə şey olar? Akademik Ziya Bünyadov hər adamın tayı deyildi... Düzdür, Ziya Bünyadovla heç zaman üz-üzə gəlməmişəm, ancaq televizorda görmüşəm. Mənim ona simpatiyam var idi. Çünki o, ermənilərə qarşı kəskin mübarizə aparırdı. Mən də millətçi olmuşam, ermənilərin əlindən qaçıb gəlmişəm.

- O vaxt məhkəmədə açıqlanan ittiham aktında oğlunuzun adı birinci qeyd olunmuşdu. Bildirilirdi ki, Nağıyev Nizami Adil oğlu akademik Ziya Bünyadovun yaşadığı binanın 3-cü girişinə daxil olaraq gözləyib, Ziya Bünyadovun sağ və sol qabırğaaltı, qarın nahiyələrinə, sol əlin arxa bayır səthinə, 5 dəfə ardıcıl zərbə vuraraq həyat üçün ağır dərəcəli xəsarətlər yetirmiş, hadisə yerinə yaxınlaşan Qalib Babayev isə “Makarov” markalı səsboğucusu olan tapançadan Ziya Bünyadova xəsarətlər yetirərək, hər ikisi Mahir Zeynalovla birlikdə avtomobillə hadisə yerindən qaçıblar. Görüşəndə heç oğlunuzdan soruşdunuzmu ki, niyə belə bir dəyərli insanın amansızlıqla öldürülməsində iştirak edib?

- Mən əvvəlcə belə qərara gəldim ki, oğlumla görüşməyim, çünki nəinki mənə, bütün nəslimə zərbə vurdu. Amma inanmırdım ki, mənim oğlum belə iş görə bilər. Sonra mən öyrəndim ki, niyə Ziya Bünyadovu aradan götürüblər? Tarixçi Moisey Kalankatuklunun “Alban tarixi” kitabını yazıb və Ziya Bünyadov onu tərcümə edib. Kalankatuklu 254-cü səhifədə İslam peyğəmbərini aşağılayıb. “Hizbullah” təşkilatının “Nəsrullah” adlı bir üzvü Bakıya gəlir. Burada dindən istifadə edərək, müəyyən adamları ətrafına toplayır. O cümlədən də bunların başçısı Tariyel Ramazanov və Cavanşir Aslanov olub. Bu Tariyel Ramazanovla mənim oğlumun bağlılığı hardandır? Sovet dövründə Kuril adalarında bir yerdə əsgərlikdə olublar. Oğlumu yoldan çıxaran, bu işə cəlb edən o vicdansız... Özü də ali təhsilli adam, atası Ramiz Rzayev də akademiyada işləyib. Burada “Nəsrullah”ın tapşırığı ilə dəstə düzəldirlər.

- Siz o dövrdə oğlunuzun davranışlarından heç nə hiss etməmişdiniz?

- Yox, heç nə. Nəyə görə? Oğlum Məkkəyə gedib-gəlmişdi, namaz qılırdı. Mən özüm araq içən idim. Baxdım ki, oğlum, həyat yoldaşı namaz qılır, oruc tutur, mən də içkini tərgitdim. Sonra bu, bir müddət ortalıqda görünmədi, yox oldu.

- Onda oğlunuz harda işləyirdi?

- Aeroporta, gömrükdə. Özü də Odlar Yurdu Universitetinin hüquq fakültəsinin 4-cü kursunda qiyabi oxuyurdu. Mənim heç bir şeydən xəbərim olmayıb. Xəbər tutsaydım, özüm gedib Heydər Əliyevə deyərdim, bu işin üstünü açardım, heç bizə də bu qədər zərbə dəyməzdi.

- Bəs ortalıqdan yox olanda axtarmadınızmı ki, haraya gedib?

- Axtardım. Mənə dedilər ki, dostları ilə Moskvaya gediblər, ticarətlə məşğuldurlar, un gətirirlər, ya Türkiyəyə gediblər.

- Amma istintaq materiallarında qeyd olunurdu ki, Nizami Nağıyev və digərləri Tehran yaxınlığındakı düşərgədə təlimlər keçirmiş...

- Bəli. İndi orda nə işlər görüb, mənim ondan xəbərim yoxdur. Gələndən sonra da mənə heç nə demədi. Ancaq məni aldatdığı üçün 10 il ərzində onun ardınca həbsxanaya getmədim.

- Bəs qayıdandan sonra nə qədər sərbəst gəzdi?

- Ziya Bünyadovun qətlindən sonra 3 il sərbəst gəzdi. Ziya Bünyadovu 1997-ci il fevralın 21-də qətlə yetiriblər, Ziya Bünyadovu tapança ilə ağzından vuran Qalib Babayev 3 gün sonra İrana keçəndə öldürülüb. Nizami isə 2000-ci ilin 28 sentyabrında həbs edildi. Bütün məhkəmələrdə iştirak etdim. O ərəfədə hökmdən çox narazı qaldım. Niyə? Çünki təşkilatçı, sifarişçi qaçıb aradan çıxıb. Əgər mənim oğlum da qaçsaydı, hardan tutacaqdılar? Oğlum qaçmadı. Hörmətli prokurorumuz Zakir Qaralov vəzifəyə təyin olunandan sonra bu cinayətkar dəstəni ifşa etdi və oğlumun da orda iştirakını sübuta yetirdi. İndi yalandan durub deyək ki, elə deyil, belədir, yox! Bu vaxta kimi cəmiyyətdə iki hissə var idi: bir hissə inanırdı ki, Adil Nağıyevin oğlu bu işi edib, bir hissə inanmırdı. 21 fevralda Ziya Bünyadovun qətlinin ildönümüdür. Mən səmimi şəkildə, bütün ictimaiyyətə etiraf etmək istəyirəm. Çünki 82 yaşım var. Ölüb gedəcəyəm, qoy yalan deyib bu dünyadan getməyim. Oğluma da ən ağır cəza veriblər, onunla da razılaşdım.

- Yəni oğlunuzun günahını etiraf edirsiniz?

- Bəli. Əvvəllər etiraf etməmişəm, amma indi etiraf edirəm. Ziya Bünyadovun qətlinin təşkilatçısı Tarıyel Ramazanov və Cavanşir Aslanovdur. Onlar bu işi təşkil edib, mənim də oğlumu təhrik ediblər, Allah onların hər ikisinin evini yıxsın, çırağını keçirsin! Bizi nə günə saldılar? Mən Heydər Əliyevin komandasında işləyə-işləyə, ömrümü ona həsr edə-edə... Sizə bir faktı deyim. 90-cı ildə mən Zirədə sovxoz direktoru idim, Abşeronda plenum idi. Heydər Əliyevin haqqında o qədər danışdılar ki, ürəyim partlayırdı, axır durdum ayağa, dedim ayıb olsun sizə, Heydər Əliyev Azərbaycanı qurub! Heç olmasa, o, sizin havanızı təmizləyib, nə qədər üzüm bağları, yaşıllıqlar salıb. Bunun şahidi də Pirşağıdakı əkinçilik institutunun direktoru Əsəd Musayevdir, çıxdı eşiyə, dedi, halal olsun sənə, Adil! İki gün sonra məni bu sözümə görə Zirədən, direktorluqdan qovdular.

- Ziya Bünyadova beş bıçaq zərbəsi endirən oğlunuz artıq 18 ildir həbsdədir. Sonuncu dəfə onunla nə zaman görüşmüşünüz?

- Oğlumun 2 oğlu, 1 qızı var, biri əlildir. Oğlu əsgərliyini çəkib, gəlib, işləmir. Əlil oğlu da ayda 50 manat təqaüd alır. Arvadı da xəstədir, işləmir. Mən pensiya pulumla bir inək alıb vermişəm, onunla dolanırlar. Çox ağır vəziyyətdədirlər. DTX rəhbəri Mədət Quliyev hələ Penitensiar Xidmətin rəisi gələndə mən oğlumun işi ilə bağlı gedib onunla görüşdüm, xahiş etdim. O, oğlumun işini gətirtdirdi, oxudu. Oğlum 18 ildir türmədə yatır, özünü yaxşı apardığı üçün ayda iki dəfə telefonla danışmağa, ailəsi ilə ildə dörd dəfə görüşməyə, “peredaça”nı hər ay qəbul etməyə icazə veriblər. Penitensiar Xidmət Əfv Komissiyasına ərizə də yazdı.



- Bəs bu illər ərzində Ziya Bünyadovun xanımı ilə görüşdünüzmü?

- Bəli. Mən Tahirə xanımla Bilgəh sanatoriyasında təsadüfən görüşdüm. Artıq bu işi bilirdim.

- Tahirə xanım sizi görəndə necə reaksiya verdi?

- Görüşənə qədər nə mən onu, nə o məni tanıyırdı. Həkimlərdən biri dedi ki, Ziya Bünyadovun həyat yoldaşıdır. Yaxınlaşıb salam verdim. Soruşdum Tahirə xanım sizsiniz? Dedi, “bəli”. Dedim, mən də Abşeronun keçmiş icra başçısı Adil Nağıyev, sənin həyat yoldaşına sui-qəsdin iştirakçılarından birinin atasıyam. İmkanın varsa, əgər istəyirsənsə, mən bütün “kart”ları sənin üçün aça bilərəm, həqiqəti sənə deyəcəyəm. O da məmnuniyyətlə çəkildi bir tərəfə, çay masasında bütün detalları ona danışdım. 90 yaşındaydı. Dedim, sən də yaşlı adamsan, mən də, bir gün bu dünyadan ikimiz də köçüb gedəcəyik. Bütün hamısını danışdım. Dedim, qoy sənin ürəyində şübhə qalmasın... Bu sözləri indiyədək başqa heç kimə deməmişəm, ona demişəm, bir də sizin qəzetə deyirəm... Həmişə demişəm mənim oğlumun günahı yoxdur, amma bu gün etiraf edirəm. Niyə etiraf edirəm? Çünki artıq xəstəyəm, İstanbulda ürəyimdə üç yerdə əməliyyat olunmuşam, stend qoyublar, bu gün-sabah ölüb-gedəcəyəm, qoy bu iş örtülü qalmasın, açıq qalsın. Bəlkə buna görə Allah məni bağışladı, cənnəti qismət elədi. Ziya Bünyadovun xanımına dedim, Tahirə xanım, sənin ərini bax, bu adamlar öldürüb. Sən əlini ürəyinin üstünə qoy, ürəyini buz kimi saxla, hökumətin bu işlə əlaqəsi yoxdur. Çünki ictimaiyyətdə belə bir fikir var idi ki, Ziya Bünyadovu aradan götürdülər, hökumətin özü təşkil elədi... Xeyr! Bunu “Hizbullah” təşkilatı “Nəsrullah”ı göndərdi, “Alban tarixi” kitabını tərcümə etdiyinə görə aradan götürdülər. Burada məqsəd nə idi? Respublikada çaxnaşma yaratmaq, iqtidarı gözdən salmaq, konstitusiya quruluşuna zərbə vurmaq üçün bunu etdilər. Niyə Ziya Bünyadovu? Çünki Ziya Bünyadov çox hörmətli adam idi, avtoritet idi. Ziya Bünyadov ermənilərə, Azərbaycanı istəməyən adamlara qarşı kəskin mübarizə aparırdı. Bir də ki, Ziya Bünyadov elə-belə adam deyildi, Sovet İttifaqı Qəhrəmanı idi, akademik idi. Sumqayıt hadisələri zamanı Saxarov bura gəldi, Ziya Bünyadov onun atasını yandırdı. Elə adama əl qaldıranın əli qurusun!

- Tahirə xanım bu etiraflarınızdan sonra nə dedi? Sizi bağışladımı?

- Bəli, Tahirə xanım məni bağışladı. Mənə dedi sənin bu kişiliyinə, mərdliyinə görə mən də prezidentə müraciət edəcəyəm ki, sənin oğulunun işini yüngülləşdirsinlər. Dedi mən də bu dünyadan gedəcəyəm, qoy Ziyanın ruhu şad olsun. Bundan sonra o, prezidentə ərizə yazdı. Xahiş edirəm, Tahirə xanımın ərizəsinə baxın.

Haşiyə:
A.Nağıyev rəhmətlik Tahirə xanım Bünyadovanın sağlığında ərinin qatili üçün prezidentə ünvanlandığı əfv müraciətini təqdim edir. Böyük ürək sahibi olan akademikin xanımı yazıb: “Həyat yoldaşımın ölümündə iştirakçı kimi təqsirli bilinən Nağıyev Nizami Adil oğlunun ən ağır cəzaya - ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi məni daim narahat edir. Düşünürəm ki, belə bir vəziyyətdə Ziya Bünyadov özü necə davranar və hansı qərarı qəbul edərdi?! Mənə elə gəlir ki, Ziya Nizami Nağıyevi bağışlayardı. Ən qatı günahları Ulu Tanrı bağışlayırsa və bağışlamaq böyüklük əlamətidirsə, mən 14 ildir Qobustan həbsxanasında cəza çəkən Nağıyev Nizami Adil oğlunu bağışlayıram!
Hörmətli cənab prezident!
Nağıyev Nizami Adil oğlunu bağışlayıb əfv edərək cəzasını yüngülləşdirməyinizi Sizdən xahiş edirəm".


- Adil müəllim, 10 ildən sonra oğlunuzla həbsxanadakı ilk görüşü necə xatırlayırsınız?

- Oğlum mənimlə goruşməyə qorxurdu, tərəddüd edirdi və bunu mənə deməyə risk eləmirdi. 10 ildən sonra görüşəndən sonra dedim, ayə, kişiliyin olsun, sən burda çürüyürsən, mənə düzünü de. Yoxsa mən də orda-burda deyirəm ki, mənim oğlumun günahı yoxdur. Axı sən hacısan, namaz qılansan - özü də orda namaz qılıb, oruc tutur - ondan sonra açıb mənə düzünü deyib. Mən bilməmişəm. O vaxt məni yuxarı təşkilatlara çox çağırdılar ki, düzünü danış. Dedim, vallah, əgər bu qətli oğlum törədibsə, güllələyin, mənə elə oğul lazım deyil. Həqiqətən də sən 75 yaşlı qoca kişiyə qarşı niyə belə edəsən?

- Dediniz ki, 10 ildən sonra həqiqəti öyrənə bilmişsiniz. Amma artıq 18 il keçib, bəs bu vaxta kimi niyə həqiqəti açmadınız?

- Mən o görüşdən sonra bu məsələni açmaq fikrindəydim. Bir gün cənab prezident İlham Əliyev bulvarda gəzirdi. Neçənci il olduğunu xatırlamıram. Allah elədi, mən onunla üz-üzə çıxdım, görüşdüm. O, məni tanıdı. Mən bu məsələni prezidentə açmaq istəyirdim. Dedim, cənab prezident, siz nə mənim oğlumu bağışlayın, nə də azad edin, əsl həqiqəti mən sizə demək istəyirəm. Həmin görüşdə onun üzündən öpdüm, qəzetlər şəklimizi çəkdilər. Mən bu sözü prezidentimə deyə bilərdim, başqasına yox. Prezident Vaqif Axundova tapşırdı. O da adımı, telefonumu yazdı, məni onsuz da tanıyırdı. O vaxt yanında Hacıbala Abutalıbov, daxili işlər nazirinin müavini, general Oruc Zalov, BŞBP-nin rəisi Məhərrəm Əliyev də var idi. Sonra isə məni qəbul etmədilər, qoymadılar. Mən Ziya Bünyadovun xanımına dediyim sözü ona deyəcəkdim.

- Yəni bu sözləri ilk dəfədir bizə deyirsiniz?

- Bəli, heç yanda açıb-eləməmişəm, heç kəsə deməmişəm. İndi kim nə deyir-desin. Deyəcəklər Adilə kimsə təzyiq elədi. Mənə heç kəs təzyiq edə bilməz. Mən elə şəxsiyyətəm ki, təzyiqi qəbul etmirəm, heç kəsdən də qorxmuram, çəkinmirəm. Sadəcə olaraq, ürəyim əməliyyat olunduğuna görə, öləcəyəm deyə, qoy açılsın. Niyə sirr olaraq qalsın ki? Bəzi adamlar da bu faktdan istifadə edirlər. Guya mənə canları yanır. Yalandır. Üzümə irişirlər ki, sən oğlunu... Bu, həqiqətdir. Onsuz da hökumət bunu bilir, desəm də, deməsəm də. Ziya Bünyadovun qətlinin ildönümü yaxınlaşdığına görə mən özümə borc bildim ki, sizin redaksiyaya gəlim, bunları deyim. Çünki sizin qəzeti hamı oxuyur, özüm də hər gün alıram, oxuyuram.

- Adil müəllim, indiyədək Ziya Bünyadovun məzarı üstünə gedibsiniz?

- Bəli, həyat yoldaşı ilə birgə getmişəm, bir dəstə də gül aparıb məzarı üstünə qoymuşam. Məni orda maraqlandıran bir şey var, məzarüstü abidənin ayağında gürzə ilanının şəklini çəkiblər. O gürzə gəlib Ziya Bünyadovun ayağından vurur. Mən hələ baş aça bilmirəm ki, o, nəyin rəmzidir, kimdir o gürzə ilan?

- Yəqin düşmənə işarədir...

- Bəlkə də. Bilmirəm. Demək, bu işin təşkilatçısı Tariyel Ramazanov, Cavanşir Aslanovdur. Əsas təşkilatçılarla sifarişçi “Nəsrullah” qaçıb, axtarırlar, tapa bilmirlər. Bir neçə nəfər var, onların hamısını buraxıblar. Mahir Zeynalova da ömürlük veriblər. Oğlumu cəlb eləyən Tarıyel Ramazanovdur, Allah onun evini yıxsın, bizi bu oyuna salan odur. Bizimki cavan oğlan olub, səhv edib, düşüb onların təsiri altına. Atası icra başçısı, qardaşları orqan işçiləri, bu, bizə lazım idi?!

- Çox ağır qətl törətmiş oğlunuzla bağlı indi istəyiniz nədir?

- 18 ildir yatır. Prezidentimizə inanıram, həmişə onu dəstəkləmişəm, bundan sonra da dəstəkləyəcəyəm. Humanist şəxsiyyətdir, çox adamları həbsdən buraxıb. Əfv eləsin oğlumu. Heç olmasa ömürlüyü üstündən götürsün. Baş prokuror Zakir Qaralovdan, daxili işlər naziri Ramil Usubovdan, Əfv Komissiyasının sədri Ramiz Mehdiyevdən xahiş edirəm, yoxlasınlar görsünlər mənim oğlum islah olunubmu? Özünü düz aparır, heç kəsə qoşulmur. Mənim nəslim başda olmaqla, biz Vedibasar camaatı həmişə prezidentin tərəfində olmuşuq. Mən icra başçısı işləyəndə Heydər Əliyev gecə saat 1-2-yə kimi işləyirdi. Biz qorxumuzdan heç yana tərpənə bilməzdik, oturub gözləyirdik, Prezident Aparatının təlimatçısına zəng edirdik ki, Heydər müəllim getdimi? Gedəndən sonra hamımız evə gedirdik. Heydər Əliyev Azərbaycan hökumətini qurdu. Allah ona rəhmət eləsin! Mən sizin qəzetə, şəxsən sənə söz verirəm, oğlumu əfv etsələr, azadlığa çıxsa, neçə ki, ölməmişəm, ailəmlə, gəlinlərimlə, oğullarımla, 13 nəvəm, 13 nəticəmlə bir yerdə gül götürəcəyəm, gedib Heydər Əliyevin məzarını ziyarət edəcəyəm, dua oxutduracağam və onun qəbrinin ayaqlarından öpüb, çıxıb gələcəyəm.

- Bəs Ziya Bünyadovun?

- Ziya Bünyadovun da məzarı üstünə gül qoyacağam. Mütləq. Məni Azərbaycana kim tanıtdı? Heydər Əliyev. Adi sovxoz direktoru idim. Məni indi bütün ölkə, bütün icra aparatı, bütün orqanlar tanıyır. Ona görə də mən ömrüm boyu ona sədaqətli olacağam. Bir şeyi də deyim. Mən Abşeron rayonunda YAP-ı yaradanlardan biriyəm. Xahiş edirəm, bunu da çəkin. (YAP üzvü olmasını təsdiqləyən vəsiqəni göstərir-red.) Bax, bu, Heydər Əliyevin imzasıdır, bu da mənim şəklim. Mən YAP-ın üzvüyəm, ölənə kimi də YAP-ın üzvü olacağam. Adamlar var vəzifədən çıxaranda əqidəsini dəyişir, amma mən ölənə kimi əqidəmi dəyişmərəm. Məni YAP-a zorla aparmayıblar ki. Mən YAP-ı sevmişəm, rayon təşkilatını yaratmışam.

Onu da demək istəyirəm ki, həyat yoldaşım xərçəng xəstəsidir, akademik Əhliman Əmiraslanov onu əməliyyat edib. Elə hey deyir, görəsən, ölmədən oğlumu görə biləcəyəm? Bu arzu ilə yaşayır. Özüm də ürəyim əməliyyat olunub, qocayam, çətin vəziyyətdə yaşayırıq, uşaqlarımız çətin vəziyyətdədir. Mən prezidentimizə inanıram. Mən Mehriban xanıma müraciət etmişəm. Mehriban xanım analar anasıdır, Tomris, Nüşabə kimi xanımlara bənzətmişəm onu, çox ağıllı qadındır, neçə dil bilir. Cənab prezident Davosda çıxış edirdi, nə qədər məntiqli danışırdı...

Nə etmək olar ki, qəzavü-qədər gələndə, faciələr olanda heç də adamın özündən soruşmur. Belə bir həyatı, belə bir taleni bizim ailə də yaşadı. 18 il bundan əvvəl akademik Ziya Bünyadovun qətli ilə əlaqədar oğlum həbs edildi və 18 ildir həbsxanadadır. Bu hadisə belə mənim Azərbaycana, dövlətçiliyimizə, ulu öndərimizə, qanunlarımızın aliliyinə olan hörmətimə zərrə qədər də xələl gətirmədi. Çünki mən özüm də yaranışdan qanuna hörmət ruhunda böyümüşəm. Qanun toxunulmazdır. Bütün bunlarla yanaşı, bir həqiqəti də demək lazımdır ki, qanunun bir tərəfi də humanizmlə bağlıdır. Məhz bu baxımdan oğlumun cinayətinə görə çəkdiyi 18 ili nəzərə alaraq, eyni zamanda mənim, həmçinin ağır xəstə olan ömür-gün yoldaşım Gülüstan xanımın, bütün ailə üzvlərimizin hamısının adından, cənab prezidentimizdən xahiş edirəm - onu da deyim ki, bu müraciəti edərkən mən cənab prezidentimizin ədalət və rəhminə sığınıram - oğlumu əfv etsin. Allah yardımçısı olsun!

Teqlər: #Ziya-Bünyadov   #Adil-Nağıyev