Məmmədyarov türkmənistanlı həmkarı ilə görüşüb

Məmmədyarov türkmənistanlı həmkarı ilə görüşüb
  31 Yanvar 2018    Oxunub:1230
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkə Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bugünkü səviyyəsini təqdir edərək sözügedən əlaqələrin bundan sonra da Azərbaycan və Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində davam etdiriləcəyinə əminliklərini ifadə edbilər. Onlar iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində siyasi dialoqun, qarşılıqlı səfər mübadilələrinin, həmçinin XİN-lərarası məsləhətləşmələrin vacibliyini vurğulayıblar.

Azərbaycan və Türkmənistanın digər sahilyanı dövlətlərlə birlikdə Xəzər dənizində dostluq, əməkdaşlıq və qarşılıqlı anlayışı təşviq etdiyi qeyd olunub. Nazirlər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

E. Məmmədyarov Şərq-Qərb nəqliyyat dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması ilə region ölkələri, o cümlədən Türkmənistan üçün nəqliyyat sahəsində yeni imkanlar açıldığını diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında iqtisadi, humanitar, turizm və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda iqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, bu sahədə birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın daha da genişləndirilməsinə dair birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.

Azərbaycan-Türkmənistan-Türkiyə formatında üçtərəfli əməkdaşlığın inkişafından və bu formatda regional əməkdaşlığı təşviq edən birgə layihələrin icrasından məmnunluq ifadə edilib. 2017-ci ilin 18-19 iyul tarixində Bakıda keçirilmiş üçtərəfli görüşdə müzakirə olunan və Bakı bəyannaməsində təsbit olunan birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Azərbaycan   XİN   Elmar-Məmmədyarov   Türkmənistan  





Xəbər lenti