Nazirlik 48 min nəfəri işlə təmin edib

Nazirlik 48 min nəfəri işlə təmin edib
  31 Yanvar 2018    Oxunub:1373
2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 461 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, onlardan bir hissəsinin Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” əsasında müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib. Həmçinin ödənişli ictimai işlərə cəlb olunan vətəndaşlardan 45 nəfərini əlilliyi olan şəxslər təşkil edib.

Özünüməşğulluq proqramının icrası çərçivəsində ötən il 1 172 nəfər işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) verilməklə onların kiçik ailə təsərrüfatları yaradılıb ki,
onlardan 60 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub.

Qeyd olunan insanların məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılmasında onların peşə reabilitasiyası xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə son bir ildə nazirliyin xətti ilə 432 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb olunub. Həmin şəxslərdən 82 nəfəri üçün xidmət tərəfindən əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

Digər 350 nəfərin isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı həyata keçirilib. Ölkəmizin müxtəlif bölgələrindən mərkəzə peşə hazırlığına qəbul olunmuş gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar. Həmçinin mərkəz tərəfindən onlar cəmiyyətə fəal şəkildə inteqrasiya olunmalarına yönələn müxtəlif reabilitasiya tədbirlərinə cəlb ediliblər. Burada kursları başa çatdıranlara peşə sertifikatları verilib, yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün müvafiq işlər görülüb.

Xatırladaq ki, 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 47,9 min nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib, Dövlət Məşğulluq Xidməti (3 560 nəfər) və Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi (350) tərəfindən 3 910 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.

AzVision.az


Teqlər: ƏƏSMN   Əlil  





Xəbər lenti