Azərbaycanda ölümcül bakteriya ilə bağlı araşdırma başladı

Azərbaycanda ölümcül bakteriya ilə bağlı araşdırma başladı
  01 Fevral 2018    Oxunub:2103
Qida Təhlükəsizliyi Agentliyi Azərbaycana "Mars İrlandiya" şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsullarının hansı çeşiddə və sayda idxal olması ilə bağlı araşdırmalara başlayıb.
Qida Təhlükəsizliyi Agentliyindən AzVision.az-a verilən məlumata görə, beynəlxalq mediada yayılan xəbərlərə əsasən, Birləşmiş Krallıqda "Mars İrlandiya" şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulları salmonella bakteriyasının daşıyıcısı şübhəsi ilə geri çağırılıb.

Birləşmiş Krallıq "Mars İrlandiya"ya məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” adlı məhsulların satışını təşkil etmiş bütün məntəqələrdən geri götürülməsi ilə əlaqədar qərar qəbul edib.

Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə "Mars İrlandiya" şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsullarının hansı çeşiddə və sayda idxal olması ilə bağlı araşdırmalara başlayıb. Respublika Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə, bu qida məhsulları qurumda qeydiyyata alınmayıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Agentliyə verilən məlumata görə, 2017-ci il ərzində adı çəkilən şirkətə məxsus olan hər hansı yükün, o cümlədən “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulların idxalı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb və idxala rəy verilməyib. Aparılmış araşdırmaların nəticəsi olaraq beynəlxalq mətbuatda salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən Mars İrlandiya şirkətinə məxsus “Galaxy Smooth Milk” və “Maltesers Fun Size” məhsulları ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib.

"Buna baxmayaraq, istehlakçıların satış nöqtələri, ictimai iaşə yerləri, ticarət obyektlərində adı çəkilən qida məhsullarına rast gəldikləri halda Qida Təhlükəsizliyi Agentliyinin (012) 565-12-72 və ya (012) 565-12-82 (daxili: 249) nömrələrinə məlumat vermələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: Qida-Təhlükəsizliyi-Agentliyi  





Xəbər lenti