Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilib
Çoxəsrlik ənənələri olan Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş Xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən əlavə 220 000 manat vəsait ayrılsın.
2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə əlaqədar təşkilati məsələləri iki ay müddətində həll etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin etsin;
3.3. bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş maliyyə vəsaitinin dövlət büdcəsindən ayrılmasını təmin etsin;
3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
AzVision.az
Teqlər: İlham-Əliyev