Yusuf Məmmədəliyev: "Azərbaycan ən güclü dövrünü yaşayır"

Yusuf Məmmədəliyev: "Azərbaycan ən güclü dövrünü yaşayır"
  03 Fevral 2018    Oxunub:6468
"Azərbaycan gəncliyinin istedadlı və bacarıqlı olması faktdır. Gənclərimiz həm ölkə daxilində, həm də ölkə xaricində mühüm nailiyyətlər əldə edir, bununla da ölkəmizdə qlobal səviyyədə rəqabətə davamlı kadrların sayı hər gün artır".
AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Gənclər siyasəti və İdman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev 2 Fevral-Gənclər günü ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, gənclərin potensialının artırılması, onların daha da təkmilləşməsi prosesində motivasiya çox önəmlidir: "Bu gün müxtəlif sahələrdə ən istedadlı və çalışqan gənclərə təqdim olunan mükafatlar həm onların uğurlarını cəmiyyətə tanıdacaq, həm də onların özlərinə olan inamı artıracaq. Bu mükafatlar onların uğur hekayələrinin sonu yox, başlanğıcıdır. Respublikadakı hər bir gənc bilməlidir ki, onun bacarıq və istedadı, həyata keçirdiyi fəaliyyət qiymətləndirilir və heç vaxt diqqətdən kənarda qalmır. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər bir Azərbaycan gəncinin qayğısına qalır, onların fəaliyyətini yaxından izləyir".

Y.Məmmədəlitev qeyd edib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi qara qızılın insan kapitalına istiqamətləndirilməsi strategiyasına əsaslanan gənclər siyasəti nəticəsində gənclərin elmi, mədəni, ictimai sahələrdə fəallığı təşviq edilir.

"Düşünürəm ki, gənclərimiz daha aktiv olmalı, ölkəmizin inkişafı üçün bütün sahələrdə önəmli rol oynamalıdır. Bu gün dövlət başçısının apardığı uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi müasir, tolerant, savadlı, bacarıqlı və innovativdir. Şübhəsiz ki, bu uğur haqqında bütün dünya bilməlidir. Hər bir gənc ölkəmizin tarixi mədəni dəyərlərini yaşatmalı və layiqli vətəndaş olaraq vətəninə xidmət etməlidir. Müsəlman şərqində ilk respublikanın qurulmasının 100 illiyini qeyd etdiyimiz bir dövrdə gələcək nəsillərin bizim dövrümüzdə yaradılan dəyərlərlə maddi və mənəvi nailiyyətlərlə qürur duyması üçün çalışmalıyıq. Azərbaycan öz tarixinin ən güclü, dinamik inkişaf dövrünü yaşayır. Gənclərimiz bu dövrün çağırışlarını həssaslıqla duymalı, hər biri dövrümüzün bir qəhrəmanına çevrilərək, gələcək üçün qurub yaratmalıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Yusuf-Məmmədəliyev  





Xəbər lenti