ADR-dən İsa Qəmbərin namizədliyinə münasibət: “Arzuya bax, sevgilim…”

  03 Fevral 2018    Oxunub : 1399
ADR-dən İsa Qəmbərin namizədliyinə münasibət: “Arzuya bax, sevgilim…”

Arif Hacılının başqan seçilməsinə etiraz edərək Müsavatı tərk edən bir qrup şəxsin yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının oktyabrda keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Bunu AzVision.az-a hərəkatın idarə heyətinin üzvü Səxavət Əlisoy deyib. Onun sözlərinə görə, bu barədə idarə heyətinin toplantısından sonra qərar veriləcək: “ADR-in seçkidə öz namizədi, yaxud hansısa partiyanın namizədini dəstəkləyərək gedəcəyi məlum deyil. Geniş müzakirələrdən sonra bu barədə qərar veriləcək. Subyektiv fikrim belədir ki, biz seçkidə iştirak etməliyik”.

S.Əlisoy, həmçinin keçmiş sədri İsa Qəmbərin prezidentliyə namizəd olmasına münasibət bildirib: “İsa Qəmbərin namizədliyi Müsavatın sonuncu qurultayında qəbul olunub. O zaman partiya bütöv idi. Arif Hacılıdan sonra biz oradan uzaqlaşdıq. Əksər üzvlər Müsavatı tərk etdi. Ancaq, sabiq müsavatçıların İsa Qəmbəri dəstəkləyib-dəstəkləməyəcəyini demək çətindir”.

İsa Qəmbərin seçkidə şansına gəlincə, S.Əlisoy deyib: “Azərbaycanda prezidentliyə namizədin, hətta siyasi partiyanın özünün belə seçkidə nə dərəcədə şanslı olub-olmamadığını az-çox siyasətlə məşğul olanlar bilir. Bunun üçün hər hansı bir sorğuya, araşdırmaya ehtiyac yoxdur. Təkcə İsa Qəmbər yox, prezidentliyə namizədliyini verən hər bir şəxsin özü bilir ki, o, nə qədər şanslıdır.

Bəziləri bioqrafiyasında prezidentliyə namizədliyi qeyd olunsun deyə seçkidə iştirak edir. Hansı ki, bizdə belələrinin sayı istənilən qədərdir. Azərbaycanda onlarla adam prezidentliyə namizəd olmaq arzusundadır. Məşhur mahnıda deyildiyi kimi “Arzuya bax, sevgilim”. Bizdə heç kim bələdiyyə, parlament seçkiləri haqqında düşünmür. Hamı prezident olmaq istəyir. Gerçək şansı olan insanların seçkidə iştirakı cəmiyyətə böyük töhfələr verir. “Geydirmə” namizədlər hər zaman olub, olacaq”.

S.Əlisoyun fikrincə, artıq Müsavat əvvəlki gücündə deyil: “Müsavat əvvəlki deyil. 2014-cü ildən əvvəlki Müsavatla indiki arasında yerlə göy qədər fərq var. Müsavatın nüfuz reytinqini 10 ballıq şkala ilə ölçsək, 2014-cü ildə 6 bal vermək olardısa, bu gün nüfuz sıfırın altındadır. Ümumən, Arif Hacılının, Müsavatın Azərbaycanın ictimai-siyasi həyatında nüfuzu, reytinqi varmı? Yoxdur. Saxta başqanlıq seçkisindən sonra 2 aksiya keçiriblər. Aksiyaya cəmi 300 nəfər qatılıb. Axı Müsavat belə deyildi. Müsavatçılar özlərinə sual versinlər ki, Arif Hacılı partiyanı ələ keçirəndən sonra nə qazandılar? Heç nə. Partiya ancaq itirməklə məşğuldur. Azərbaycan cəmiyyətinin dağınıq, başıpozuq, bir-birinə düşmən kəsilmiş müxalif qüvvələrə münasibəti necədir? Seçkidə İsa Qəmbər yox, başqa biri olsun, fərqi olmayacaq. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin qarşısına çıxacaq güc varmı? Lap müxalifət birləşsin, ortaya belə bir güc qoya bilərmi? Təbii ki, yox. Reallıqdan danışmaq lazımdır”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Səxavət-Əlisoy   İsa-Qəmbər