Azərbaycana ova gələnlər arasında qadınlar da var

Azərbaycana ova gələnlər arasında qadınlar da var
  03 Fevral 2018    Oxunub:7255
"Brokonyerlik dünyanın hər yerində rast gəlinir. Yerli vətəndaşlarla yanaşı xaricilər də ov qaydalarını pozurlar. Sonuncu dəfə yanvarın 28-də 3 Səudiyyə Ərəbistanı vətəndaşının qanunsuz ov etdiyi aşkarlanıb. Məlum olub ki, ovlar heç kimdən icazə almayıblar"
Bunu AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.



Onun sözlərinə görə, qanunsuz ov edən əcnəbilər nazirliyin əməkdaşları tərəfindən saxlanılıb, hər biri 2000 manat dəyərində cərimə olunub. Həmin şəxslərin ölkədən xaric olunması üçün Dövlət Miqrasiya Xidmətinə məlumat verilib.

H.Əlizadə bildirib ki, ov üçün Azərbaycana gələn əcnəbilər arasında qadınlar da var.

"Qaydaları pozanlara qarşı cərimələr tətbiq edilir. Adı "Qırmızı" kitaba düşən nadir növlərin ovlanması baş verdikdə ciddi tədbirlər görülür, cinayət işi açıla bilər. Ovla bağlı lisenziyaların alınması ilə bağlı daha çox yerli vətəndaşlar müraciət edir. Azərbaycanlı ovçular arasında son vaxtlar qadına rast gəlməmişəm. Xarici ölkələrdən ov üçün gələn turistlər arasında qadınlar olub. Onlar öz silahları ilə ov edirlər".



Nazirlik rəsmisi qeyd edib ki, müraciətlər ovlanan heyvanların növündən asılı olaraq müxtəlifdir.

"Su-bataqlıq quşlarının ovlanması üçün daha çox ərəb vətəndaşları müraciət edir, yay fəslində dağ keçisi və çöl donuzu, cüllütkimilərin ovuna gələnlərin arasında Avropa, MDB ölkələrindən olan turistlər də var. Ov icazələrin verilməsi ov obyektinin (vəhşi heyvanın) sayından asılı olaraq müəyyən edilir. Azərbaycan vətəndaşları üçün daha çox ov limiti nəzərdə tutulub. Eyni zamanda xaricilər də həmin limitdən istifadə edə bilərlər".

Direktor müavini xatırladıb ki, 2017-ci ilin may ayının sonunda başlayan ov mövsümü bu ilin fevral ayının sonu, mart ayının əvvəlində bağlanacaq.



"Ov mövsümündə vəhşi heyvanların bioloji xüsusiyyətlərindən asılı olaraq onların ovlanma limitləri, müddətləri müəyyən edilir. Əgər mövsümün əvvəlində dağ keçisinin ovlanmasına icazə verilirsə, sonra cüllütkimilərin, daha sonra dovşankimilərin, quşların ovlanmasına icazə verilir. İstənilən Azərbaycan vətəndaşı müvafiq tələblərə cavab verirsə, qanunvericilikdə olan sənədlərə malikdirsə, xarici vətəndaşlar isə qoyulan tələblərə uyğundursa, Azərbaycanda ovla məşğul ola bilər. Xarici vətəndaş ov etmək istəyirsə, ovçuluq sahəsində ixtisaslı şirkətlərə müraciət edir, onlar vasitəsilə harada, hansı növün ovlanması barədə məlumat alır. Əgər xarici vətəndaş Azərbaycana silahla gəlirsə, silahı müvafiq gömrük qaydalarına əsasən yoxlanılır, Daxili İşlər Nazirliyində qeydiyyatdan keçir. Onlar bəzən şahin kimi quşların vasitəsilə ov edir, sonra həmin quşları özləri ilə geri aparırlar".



Aytən Zəhra
AzVision.az


Teqlər: Azərbaycan   ETSN   Ov   Əcnəbi  





Xəbər lenti