ABŞ-ın “Kreml Hesabatı”: Make show, not war – TƏHLİL

ABŞ-ın “Kreml Hesabatı”: Make show, not war – TƏHLİL
  04 Fevral 2018    Oxunub:6950
Bu həftə ABŞ-ın Maliyyə Nazirliyi mediada “Kreml Hesabatı” adlandırılan siyahını açıqladı. Həmin siyahı qısaca olaraq CAATSA deyilən Qanuna əsasən hazırlanıb. Son vaxtlar dünyada xeyli məşhurlaşan həmin Qanunun tam adı belədir: “ABŞ-ın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə cavab verilməsi haqqında Akt” (Countering America’s Adversaries Through Sanctions Act).
Qanun 1 il əvvəl – 2017-ci ilin yanvarında Rusiyanın Suriya və Ukraynaya, həmçinin, ABŞ-da keçirilmiş seçkilərə müdaxiləsi əsas gətirilərək, həm respublikaçılar, həm də demokratlardan olan bir qrup konqresmen tərəfindən hazırlanmış, iyunda isə qəbul edilmişdi. Avqustda prezident Donald Tramp onu imzalayandan sonra Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı sanksiyalar müharibəsi rəsmən başlamışdı.

Ötən ilin payızında Rusiyanın müdafiə sənayesi və xüsusi xidmət orqanları ilə əlaqli ola biləcəyi güman edilən şirkətlərin, həmçinin ayrı-ayrı rəsmi şəxslərin əvvəlcə ilkin siyahısı tutuldu. Həmin “qara siyahı” hər dəfə yeni əlavələrin hesabına genişlənirdi. Bu həftə isə ən böyük genişlənmə oldu: Birdən-birə 210 nəfərin adı siyahıya əlavə edildi. Onlardan 114 nəfəri federal hökumətin məmurları, qalanları isə sərvətinin dəyəri 1 milyard dollardan çox biznesmenlərdir. Amma bu siyahı Rusiyada narahatlıq və həyacandan çox, kinayə və zarafatla qarşılandı.

“Kreml Hesabatı” adlanan siyahını praktik olaraq hər kəs özü üçün uzağı yarım saat ərzində hazırlaya bilərdi. Bunun üçün əvvəlcə Kremlin saytına girmək və bütün yüksək rütbəli məmurların adlarını copy-paste etmək lazımdır. Sonra Rusiya hökumətinin saytında eyni əməliyyatı təkrarlayın və siyahının birinci yarısı hazırdır. İkinci yarısı üçün “Forbes” jurnalının saytına girin, 1 milyard dollardan çox pulu olan bütün rusiyalı biznesmenlərin adlarını da eyni qaydada həmin siyahının arxasına copy-paste edin. Vəssalam, siyahı tam hazırdır - göndərin, Konqres təsdiqləsin.

Amma əsas sual açıq qalır: bu cür asanlıqla tərtib edilə bilən bir siyahı nəyə lazımdır? Adları ora salınan şəxsləri indi nə gözləyir? Sizə qəribə, hətta absurd gələ bilər, amma inanın ki, bu sualın cavabı heç kimə məlum deyil. ABŞ Dövlət Departamenti sadəcə, bəyan edib ki, həmin siyahı bir növ profilaktik, qabaqlayıcı xarakter daşıyır və... və başqa heç nə!

Siyahını hazırlayan Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub ki, kiminsə adının orada olması həmin şəxslərə qarşı hansısa sanksiyaların tətbiq ediləcəyi anlamına gəlmir. Yəni belə çıxır ki, sadəcə, Amerika hökuməti bu yolla 210 nəfərə demək istəyib ki, “Özünüzü yaxşı aparın, gözüm üstünüzdədir”.

Bütün bunlar artıq ciddi siyasətdən çox, absurd teatrını xatırlatmağa başlayıb. Təsəvvvür edin, dünyanın iki fövqəldövlətindən biri digərinin rəsmi və biznes elitasının “qara siyahı”sını tutur, amma elə-belə, necə deyərlər, mırta. Sadəcə demək istəyir ki, “Bilin, mən sizin siyahınızı tutmuşam”. Deyəsən, doğrudan da dünya siyasətində sağlam məntiq çatışmazlığı sindromu yaşanmağa başlayıb...

Axı nə olsun? Əgər Kapitoli təpəsində əyləşənlər bu siyahıdan sonra orada adı olanların naharatlıq keçirib, Kremldən üz döndərəcəklərini güman edirlərsə, bu, o deməkdir ki, onlar Rusiya haqqında ümumiyyətlə, heç nə bilmirlər. Rusiyada adı siyahıda olan məmur və biznesmenlərin demək olar ki, hamısı verdikləri açıqlamada bu siyahıya ironiya ilə yanaışblar. Ən geniş yayılmış zarafatlardan biri də belədir ki, “Hakimiyyətə yaxın adamlardan kimin adı siyahıda yoxdursa, ondan şübhələnmək lazımdır”. Yəni adı siyahıda olmaq sadəcə, Kremlə və Putinə sadiqlik əlaməti kimi qəbul edilib. Qurtardı getdi. Buna görə, Rusiyanın baş naziri Dimitri Medvdyev hətta maraqlı bir zarafat da edib ki, kimin adı siyahıda yoxdursa, işdən çıxarmaq lazımdır.

Beynəlxalq siyasət prizmasından baxanda Vaşinqtonun bu addımı tamamilə absurd təsir bağışlayır. Belə görünür ki, Konqresdə və digər qurumlarda – məsələn, Penrtaqonda,- Trampın əleyhinə çıxan güc mərkəzləri ilə prezidentin arasındakı daxili siyasi mübarizə gətirib işləri bu həddə çatdırıb. Onlar Trampı “rusiya kartı” ilə vurmaq üçün hücüma keçiblər, Tramp zərbədən yayınmaq məqsədilə manevr edib. Və ortaya belə bir mücərrəd sənəd çıxıb. Haqqında heç bir sanksiyanın nəzərdə tutulmadığı şəxslərin sanksiya siyahısı. Bu, təxminən maaş almayan şəxslərin əməkhaqqı siyahısı kimi bir şeydir. Əgər buna qədər iki ölkə arasında sanksiya müharibəsi gedirdisə, indi sanksiya şousu gedir. Maraqlıdır, görəsən, şounun növbəti nömrələrində nə olacaq?

Tariyel Həsənov
AzVision.az



Teqlər: #ABŞ   #Rusiya   #Sanksiya   #Kreml-Hesabatı  





Xəbər lenti