Azərbaycan məhsulları Abu Dabidə

Azərbaycan məhsulları Abu Dabidə
  04 Fevral 2018    Oxunub:2274
Abu Dabidə keçirilən “Asia-Pacific Food and Crafts Bazaar” Asiya və Sakit okean ölkələrinin qida və incəsənət xeyriyyə-yarmarkasında Azərbaycan geniş təmsil olunub.
Tədbir Azərbaycan, Çin, Cənubi Koreya, Pakistan, Qazaxıstan, İndoneziya, Banqladeş, Filippin və digər ölkələrin səfirlikləri tərəfindən təşkil edilib.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən hazırlanan Azərbaycan pavilyonu dünyanın müxtəlif ölkələrindən olan ziyarətçilərdə böyük maraq doğurub. Burada müxtəlif milli yeməklər və şirniyyatlar, Azərbaycan şirkətlərinin istehsal etdikləri məhsullar, o cümlədən kompot, mürəbbə, çay, həmçinin kəlağayı və digər suvenirlər, çap məhsulları təqdim edilib. Ziyarətçilərə Azərbaycanın tanınmış “Gazelli” kosmetika şirkətinin məhsulları da təklif olunub.

Səfirliyin əməkdaşları ziyarətçiləri pavilyonda yer almış nümunələr və Azərbaycan həqiqətləri barədə məlumatlandırıblar. Xüsusən pavilyonda təklif olunan dolmanın bu yaxınlarda UNESCO-nun qeyri-maddi irsi kimi tanındığı ziyarətçilərdə xüsusi maraq doğurub. Pavilyonun qonaqlarına BƏƏ-də və digər ərəb ölkələrində yaxşı tanınan “Zakher travel” turizm kompaniyasının broşürləri, “İrs” jurnalının nüsxələri və digər çap məhsulları paylanıb.

Azərbaycan pavilyonunun təşkilatçısı, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin xanımı Ülviyyə Şikarova bildirib ki, səfirlik bütün xeyriyyə tədbirlərində, o cümlədən aparıcı Asiya ölkələrinin diplomatik missiyalarının qatıldığı bu aksiyada daim böyük məmnuniyyətlə iştirak edir. Bu tədbirlərdə ölkəmizin zəngin mədəniyyəti, kulinariya ənənələri, xalq musiqisi nümayiş olunur, ictimaiyyətə xalqımızın adət-ənənələri barədə ətraflı məlumat verilir. Onun sözlərinə görə, sərgi-yarmarkada satışdan toplanmış bütün vəsait ehtiyacı olanlara kömək üçün göndəriləcək. Sevindirici haldır ki, Azərbaycan bu xeyriyyə aksiyasına öz töhfəsini verir.

Parlaq mədəniyyət proqramı çərçivəsində aksiyada iştirak edən ölkələrin milli geyimləri nümayiş etdirilib.

Tədbir iştirakçı ölkələrin milli rəqslərindən ibarət konsert proqramı ilə davam edib. “Şuşanın dağları” mahnısının sədaları altında rəqs edən, səfirliyin nəzdində fəaliyyət göstərən “Qarabağ inciləri” uşaq rəqs qrupunun ifası qonaqların sürəkli alqışları ilə qarşılanıb.

Sərgidə Abu Dabi və Dubayda yaşayan Azərbaycan diasporunun nümayəndələri fəal iştirak ediblər.






Teqlər: Abu-Dabi   Səfirlik   Yarmarka  





Xəbər lenti