Jurnalistlərin VII qurultayı martın 10-da keçiriləcək

  05 Fevral 2018    Oxunub : 625
Jurnalistlərin VII qurultayı martın 10-da keçiriləcək
Azərbaycan jurnalistlərinin VII qurultayının keçiriləcəyi vaxt açıqlanıb.
Mətbuat Şurasından AzVision.az-a verilən xəbərə görə, Şurada Azərbaycan jurnalistlərinin VII qurultayı ilə bağlı müzakirə olub. MŞ sədri Ə.Amaşov bildirib ki, Şuranın Nizamnamə tələblərinə uyğun olaraq qurumun İdarə Heyətinin üzvləri qurultay üzrə Təşkilat Komitəsinin tərkibinə daxil edilirlər. İclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

Müzakirələrdən sonra ölkə jurnalistlərinin VII qurultayının mart ayının 10-da keçirilməsi barədə qərar qəbul edilib. Qərara əsasən Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda 2, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə iştirak edəcəklər.

Məlum olduğu kimi, Şuraya üzv təşkilatlar üzərindəki əsas məsuliyyət quruma üzvlük haqlarının ödənilməsidir. İclasda qəbul olunan qərara görə, üzvlük haqlarını ödəməyən üzv təşkilatların qurultayda iştirakına yol verilməyəcəkdir.

Qurultayda Mətbuat Şurasının 17 əsas və 5 ehtiyat üzvü seçiləcəkdir. 17 əsas üzvdən 8-i jurnalistləri, 6-ı ictimaiyyəti, 3-ü isə internet informasiya resurslarını, ehtiyat üzvlərdən 2-i jurnalistləri, 2-i ictimaiyyəti, 1-i internet informasiya resursların təmsil edəcəkdir.

Təşkilat Komitəsi tərəfindən üzv təşkilatlara anketlər təqdim ediləcəkdir. Üzv təşkilatlar anketlərə ümumilikdə 17 namizəd adı daxil edəcəklər ki, bunlardan 8-i jurnalist, 6-ı ictimaiyyət nümayəndəsi, 3-ü isə internet informasiya resursu təmsilçisi olacaqdır. Anketlər toplandıqdan sonra 24-ü jurnalistlərdən, 18-i ictimaiyyət nümayəndələrindən və 9-u internet informasiya resurslarından olmaqla ən çox səs toplamış 51 namizədin adı səsvermə bülleteninə daxil ediləcəkdir. Qurultayda İdarə Heyətinin tərkibi də məhz həmin 51 nəfərin içərisindən seçiləcək. Ən çox səs toplamış 8 jurnalist, 6 ictimaiyyət nümayəndəsi, 3 internet informasiya resursu təmsilçisi MŞ-nin İdarə Heyətinin tərkibini təşkil edəcək.

Qurultayda eyni zamanda Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının 3 nəfər əsas, 1 ehtiyat üzvdən ibarət tərkibi də seçiləcəkdir.

AzVision.az

Teqlər:   Juranlist