Ermənilərin başına pul qoyduğu Milli Qəhrəmanın adı əbədiləşdirilir

Ermənilərin başına pul qoyduğu Milli Qəhrəmanın adı əbədiləşdirilir
  05 Fevral 2018    Oxunub:7460
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi əbədiləşdirilir.
AzVision.az-ın məlumatına görə, bu barədə beynəlxalq münasibətlər sahəsi üzrə tanınmış yəhudi ekspert Arye Qut bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə müsbət cavab verilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtda küçələrdən birinə Albert Aqarunovun adının verilməsi barədə sərəncam imzalayıb.



Qeyd edək ki, Albert Aqarunov yəhudi əsilli Azərbaycan Milli Qəhrəmanıdır. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub.

Albert 25 aprel 1969-cu il Bakı şəhərində anadan olub. 1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirib və tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb.

Albert tank komandiri təyin edilib və Şuşa cəbhəsinə yollanıb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib.



Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi, onun şücaətindən danışmayan yox idi. Ermənilər onun başına pul mükafatı qoymuşdular.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Vaxtilə tahsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Albert-Aqarunov   Milli-Qəhrəman  





Xəbər lenti