Ermənistana verilən “Kornet” ordumuzda 10 il əvvəl qəbul edilib

Ermənistana verilən “Kornet” ordumuzda 10 il əvvəl qəbul edilib
  05 Fevral 2018    Oxunub:3191
Ermənistan silahlı qüvvələrinin arsenalına Rusiya istehsalı olan “Kornet E” tank əleyhinə raket komplekslərinin daxil edilməsi bölgədə hərbi balansa heç bir təsir edə bilməz.
AzVision.az xəbər verir ki, bunu Ermənistan mətbuatının “Kornet E” komplekslərinin alınması ilə bağlı yaydığı məlumatı şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

Ş.Ramaldanov deyib ki, Ermənistan tərəfi buna bənzər xəbərləri vaxtaşırı yeni məlumat kimi təqdim etməklə bu ölkənin korrupsiyaya bulaşmış hərbi rəhbərliyinin qeyri-qanuni fəaliyyətini ört-basdır etmək və bir növ bəraət qazandırmağa çalışır. Hələ 2015-ci ilin yayında Rusiyadan alınan 200 milyon dollar məbləğində hərbi kredit bu günədək Ermənistana tam şəkildə təqdim edilməyib. Bu cür hərbi kreditlər almaqla Ermənistan rəhbərliyi onsuz da bərbad durumda olan ölkə iqtisadiyyatını daha böyük maliyyə böhranına düçar edir. Nəticədə vəziyyətdən çıxmaq üçün ölkənin sənaye müəssisələrini Rusiyadan asılı vəziyyətə salmaq məcburiyyətində qalır. Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan tərəfinin yeni silahlar alması barədə mediada istənilən məlumat veriləndən dərhal sonra Ermənistan mətbuatı yeri gəldi-gəlmədi buna bənzər xəbərlə çıxış edir.



Ekspert qeyd edib ki, ötən əsrin 80-90-cı illərində istehsal edilən “Kornet” kompleksləri Ermənistan ordusunun silahlanmasına hələ indi daxil edilir. Bu silah on il əvvəl Azərbaycan Silahlı Qüvvələrində mövcud idi. Ordumuzun keçirdiyi təlimlərdə də həmin silahlardan dəfələrlə istifadə olunub. Hətta onu da deyim ki, Azərbaycan Silahlı Qüvvələrində bu nəsil silahların yeni modifikasiyaları da var. Özü də arsenalımızda olan həmin silahlar keyfiyyət və kəmiyyət baxımından daha üstün gücə malikdir. Bu baxımdan da Ermənistandakı “Kornet E” kompleksləri bölgədəki qüvvələr balansına heç cür təsir etmək imkanına malik deyil.

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun silahlanmasına kifayət qədər maliyyə vəsaiti ayrılır. Hərbi sənaye sahəsində böyük təcrübəyə malik müxtəlif dövlətlərdən dəqiq zərbə endirmə və dağıdıcı qüvvəyə malik silah-sursat, hərbi texnika və döyüş vasitələri alınır. Məhz bu amil işğalçı dövləti qorxu içərisində saxlayır. Düşmən çox yaxşı anlayır ki, gec-tez torpaqlarımızı tərk etməyə məcbur olacaq. Bu, nə qədər tez baş verərsə, Ermənistan dövləti və onun əhalisi üçün bir o qədər yaxşı olar”, - deyə hərbi ekspert bildirib.

AzVision.az


Teqlər: Kornet   Şair-Ramaldanov   Ekspert  





Xəbər lenti