Prezident Dünya Bankının regional direktorunu qəbul edib - Yenilənib

Prezident Dünya Bankının regional direktorunu qəbul edib - Yenilənib
  06 Fevral 2018    Oxunub:2309
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu qəbul edib.
AzVision.az xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanda iqtisadi sahədə əldə edilmiş nailiyyətlər, həyata keçirilmiş uğurlu islahatlar münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Xanım Mersi Tembon bütün bu müsbət proseslərdə təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığından məmnunluq hissi keçirdiyini bildirdi. O, Azərbaycanda əldə olunan bu nailiyyətlərdən insanların faydalandığının şahidi olduqlarını dedi və qeyd etdi ki, iqtisadiyyatın şaxələndirilməsinin təmin edilməsi və iqtisadi inkişafın əldə olunması əhalinin rifah halını yaxşılaşdırır. Xanım Mersi Tembon, eyni zamanda, bildirdi ki, ölkəmizin iqtisadi inkişafı əhalinin işlə təmin edilməsi və müxtəlif fəaliyyət növləri ilə məşğul olması üçün də yaxşı imkan yaradır.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı son illər Azərbaycanda iqtisadi inkişafın yaxşı nəticələr verdiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, bu, özünü həm makroiqtisadi sahədə, həm real sektorun və eyni zamanda, qeyri-neft sektorunun inkişafında göstərib. Dövlətimizin başçısı qeyd etdi ki, ötən il ölkəmizdə 177 min daimi iş yeri yaradılıb ki, bu da rekord göstərici olub. Qeyri-neft sektorunda 3 faizə yaxın artımın olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə nəhəng infrastruktur layihələrinin uğurla həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı bütün bu iqtisadi nailiyyətlərin, öz növbəsində, ölkəmizin davamlı inkişafı və ictimai-siyasi sabitliyin təmin olunması işinə xidmət etdiyini vurğuladı.

Azərbaycanın iqtisadi inkişafının Davos İqtisadi Forumunun hesabatlarında da öz əksini tapdığını qeyd edən Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yeri, eyni zamanda, ölkəmizin inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksinə görə isə 3-cü yeri tutmasını məmnunluqla vurğuladı.

AzVision.az



Teqlər: İlham-Əliyev   Prezident   Dünya-Bankı  





Xəbər lenti