Nazirlik: Aprelin 11-i qeyri-iş günüdür

Nazirlik: Aprelin 11-i qeyri-iş günüdür
  06 Fevral 2018    Oxunub:1951
Azərbaycanda prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər ediləcək.
AzVision.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Milli Məclisin deputatlarının, Prezidentin, bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

O, qeyd edib ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar (əmək şəraiti ilə əlaqədar qısaldılmış iş vaxtı müəyyən edilən hallardır) istisna olunmaqla, qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

““Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” prezidentin 5 fevral 2018-ci il tarixli Sərəncamı ilə Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi barədə sərəncam verilib. Yuxarıda qeyd edilənlərə əsasən, Əmək Məcəlləsinin 96-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər edilərək aprel və oktyabr aylarının aylıq iş vaxtı norması təshih olunacaq”, - deyə E.Babayev bildirib.

AzVision.az



Teqlər: Seçki   ƏƏSMN   Elman-Babayev  





Xəbər lenti