Dələduzlar “turist ovu”na çıxıb - Hər təklifə aldanmayın!

  06 Fevral 2018    Oxunub : 2912
Dələduzlar “turist ovu”na çıxıb - Hər təklifə aldanmayın!
Son vaxtlar Azərbaycanda fırıldaqçı turist şirkətləri peyda olub. Onlar müxtəlif vədlərlə turistləri cəlb edərək aldadırlar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında ölkəmizdə belə halların olduğunu etiraf edib.
Nazir bildirib ki, dələduzluq halları lisenziyalar aradan qaldırılandan sonra ortaya çıxıb: “Bəzi dəllallar ortaya çıxıb, guya xidmət göstərir, yalandan tur təşkil edirlər. Son nəticədə Azərbaycanın imici enir, bizlər itiririk".

Ə.Qarayev hesab edir ki, turizm şirkətləri birləşib, normal proqram ortaya qoysa və dünya miqyasına çıxsa, dəllallar və yalançılar özlərini aciz hiss edərək meydana daxil ola bilməzlər.



Nazirin çıxışına münasibət bildirən Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov AzVision.az-a açıqlamasında deyib ki, fırıldaqçı turist şirkətləri və ya vətəndaşlarla bağlı onlara çoxsaylı şikayətlər daxil olur.

N.Bağırovun sözlərinə görə, insanları aldadaraq onlara yalançı turlar və ya turist səfərləri təşkil edənlərin sayı yüzlərlədir.

AzTA sədri hesab edir ki, belə şirkətlərlə mübarizə aparmaq üçün dövlət tərəfindən mexanizm hazırlanmalıdır: “Əgər mexanizm olmasa, yay mövsümündə dələduzların aktivləşməsini nəzərə alaraq, biz öz üzvlərimizin siyahısını mətbuat vasitəsilə açıqlayacağıq. Vətəndaşlara bildirəcəyik ki, AzTA bu şirkətlərə zamindir və vətəndaşlara onların xidmətlərindən istifadə etməyi tövsiyyə edir. Bu, o demək deyil ki, başqa turizm şirkətləri işləyə bilməz. Sadəcə olaraq biz öz üzvlərimizə zamin dururuq. Artıq belə şirkətlərin qarşısında AzTA-nın loqosu yerləşdirilir”.



N.Bağırov qeyd edib ki, fırıldaqçı şirkətlər sosial şəbəkələrdə özlərinə səhifə açır, kiçik ofis götürür və vətəndaşlara bazarda olan qiymətdən dəfələrlə aşağı xidmətlər təklif edir. Onlar bu yolla insanların diqqətini özlərinə çəkə bilirlər.

“Turislər onlardan turpaket alır, hava limanına gedən zaman başa düşürlər ki, əllərində olan kağızdır, bilet deyil. Və ya xarici dövlətdə yerləşmə zamanı görürlər ki, otel kağızı saxtadır, oteldən gələn vauçer deyil. Bu cür hadisələr ölkəmizə gələn və gedən turistlərlə bağlı yaşanır. Minlərlə belə problem olur. Bu, sözsüz ki, ölkə imicinə xələl gətirən amildir. Nəticədə insanların normal turizm sisteminə inamı itir”.

Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, fırıldaqçılıqla məşğul olan turizm şirkətlərinə qarşı ciddi mübarizə aparmaq lazımdır: “Bu günə qədər belə halla rastlaşmamışam. Amma turizm şirkətlərinin fəaliyyəti daha şəffaf olmalıdır. Fikrimcə, turizm şirkətləri müstəqil olsa da, onlar hansısa aidiyyatı quruma fəaliyyətləri barədə hesabat verməlidirlər”.



Deputatın fikrincə, turzim şirkətləri ilə bağlı şikayətlər ciddi yoxlanılmalıdır: “Əgər şikayətlər reallığa söykənirsə, həmin şirkətlər təcili məhkəməyə verilməli və onlarla bağlı inzibati ölçü götürülməlidir. Bu məsələlərə həssas yanaşılmalı və hər bir hal araşdırılmalıdır ki, doğurdan belədir, ya yox. Hazırda bəzi turizm şirkətləri az qala monopoliya yaradıblar. Onların qiymətləri daha münasib, servisləri daha yüksədir. Ona görə də başqa turizm şirkətləri işsiz qalır. İstərdim ki, rəqabət sağlam qalsın. Turizm sferası moonopliyasız olsun, amma bunların üzərində nəzarət ciddiləşsin”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Turizm   Şirkət   Əbülfəs-Qarayev   Deputat   AzTA