Əlillər üçün xüsusi iş yerləri yaradıla bilər

Əlillər üçün xüsusi iş yerləri yaradıla bilər
  07 Fevral 2018    Oxunub:3208
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev komitənin bu gün keçirilən iclasında I qrup əlillər üçün xüsusi iş yerlərinin yaradılmasını təklif edib.
AzVision.az-ın məlumatına görə, deputat yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, əlillərin iş problemi diqqətdə saxlanılmalıdır.

O, bununla bağlı təkliflərini irəli sürüb: “1992-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanundakı kimi əlilər üçün ayrıca məşğulluq kvotası ayrılmalıdır. Ya da əlillər üçün xüsusi yaradılmış iş yerləri kvotası məsələsini müzakirə etməliyik. Sahibkarlar I qrup əlillər üçün müəssisədə xüsusi iş yerləri yaratmalıdır. Məsələn, 100 iş yerindən 20-ni I qrup əlillər üçün ayırsınlar".

Deputat Qarabağ müharibəsində əlil olan şəxslərin fərqləndirilməsinin tərəfdarı olduğunu qeyd edib: “Azərbaycan müharibə şəraitində yaşayır. Bu müharibəni qələbə ilə başa vuracağıq. Müharibədə əlil olan şəxslərin üstün hüquqları olmalıdır və qanunvericiklikdə əksini tapmalıdır. Hesab edirəm ki, bu qanunda Azərbaycanın müdafiəsi uğrunda əlil olan şəxslərin üstün hüquqlarının olması barədə bir müddəa qeyd olmalıdır. Onlara ev, maşın, pensiya artıq verilməlidir”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə deyib ki, kvotanın ayrılması məsələsi qanunvericilikdə əksini tapıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Əlil   Musa-Quliyev   İş  





Xəbər lenti