Ötən ay Azərbaycana 185 mindən çox turist gəlib

  07 Fevral 2018    Oxunub : 1219
Ötən ay Azərbaycana 185 mindən çox turist gəlib
Bu ilin yanvarında ölkəmizə gələn xarici vətəndaşların sayı 185 mini keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım deməkdir.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a bildirilib ki, Azərbaycana gələn xarici vətəndaşların sayına görə beş ölkə - Rusiya (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiyə (24 276), İran İslam Respublikası (13 437 nəfər) və Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) üstünlük təşkil edir. Bu ölkələrdən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələn xarici ziyarətçilərin 82 faizini təşkil edib.

Keçən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiyə (5 379 nəfər), Gürcüstan (4 480 nəfər), Rusiya Federasiyası (3 774 nəfər) və BƏƏ (2 869 nəfər) olub. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 min 502 nəfər təşkil edib ki, bu da ümumi artımın 61 faizi deməkdir.

Keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) olub. Bu ölkələrdən Azərbaycana gələnlərin sayında artım cəmi 5 720 nəfər təşkil edib ki, bu da ümumi artımın 21 faizi deməkdir.

Ölkə ərazisini ziyarət edən xarici vətəndaşların 130 118 nəfəri (69.9 faiz) kişi, 55 795 nəfəri (30.1 faiz) isə qadınlar olub.

AzVision.az

Teqlər: Turist