Aprelin oktyabrdan fərqi: Müxalifət seçkidən niyə qorxur?

Aprelin oktyabrdan fərqi: Müxalifət seçkidən niyə qorxur?
  08 Fevral 2018    Oxunub:7351
Seçki bilavasitə siyasi partiyaların özünü təsdiqləməsi, liderlərin nüfuzunu artırması üçün bir şansdır. Əgər partiya, siyasi təşkilat öz gücünə, üzvlərinin dəstəyinə güvənirsə, onun üçün seçkinin hansı ayda keçirilməsinin heç bir önəmi olmamalıdır. Bu, oktyabr da ola bilər, aprel də.
Real siyasi mübarizədə kim daha güclüdür, kimin daha çox tərəfdarı var, o, qalib gəlir. Siyasətin qanunu budur.

Sosial şəbəkələrdə “qəhrəmanlıq” eyforiyasına qapılan bizim müxalifət partiyalarında proses əksinə cərəyan edir. Onlar sağlam mübarizə aparmaqdan qorxur, müxtəlif bəhanələrlə seçkidən qaçmağa və rəqibə qara yaxmağa çalışırlar. Növbədənkənar prezident seçkilərinin 11 aprel tarixinə elan edilməsindən sonra müxalif cəbhənin əsl siması bir daha özünü göstərməyə başladı.

Narazılar iddia edirlər ki, seçkinin 6 ay qabağa çəkilməsi onların şanslarını azaldır, bu səbəbdən “boykot” variantına əl atırlar. Bu, qeyri-ciddi, həm də qorxaqcasına irəli sürülən iddiadır.

Diqqət yetirək: 2013-ci il seçkilərindən artıq 5 il keçir. 5 ildə növbəti seçkiyə hazırlaşa bilməyən partiyalar 6 ayda hansı uğurlu nəticəni göstərə bilər ki?! Tutaq ki, seçki apreldə yox, oktyabrda keçirilsəydi nə dəyişəcəkdi? Heç nə.

Gücsüz, xalqın etimadını doğrulda bilməyən müxalifətin seçkidən qalib çıxma şansı onsuz da sıfıra bərabərdir. Necə ki, bundan əvvəl keçirilən okytabr seçkilərində radikal müxalifət dəfələrlə məğlubiyyətə düçar olub...

Oktyabr ayı: 5 prezident seçkisi və 5 məğlubiyyət

Oktyabr ayını müxalifətin məğlubiyyət ayı hesab etmək olar. Ölkədə keçirilən bütün prezident seçkiləri bu ayda başa tutub və hamısında radikal müxalifət YAP iqtidarına uduzub.

Tarixə nəzər salaq:

1993-cu ilin 3 oktyabr tarixində keçirilən prezident seçkilərini o vaxt müxalifətdə olan Yeni Azərbaycan Partiyası qələbə ilə başa vurub. Ulu öndər Heydər Əliyev böyük səs çoxluğu ilə qalib gələrək, YAP-ı iqtidar partiyası edib.

Sonra nə baş verdi?

1 oktyabr 1998-ci ildə keçirilən seçkidə Heydər Əliyev səslərin 77.6 faizini toplayaraq yenidən qələbə qazanıb. Həmin seçkidən sonra müxalifətin süqut dövrü başlayıb.

15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkiləri də YAP-ın qələbəsi ilə tarixə düşüb. Partiyanın lideri İlham Əliyev seçicilərin 76.8 faiz səsini toplayaraq ölkəyə rəhbərlik etmək hüququ qazanıb.

15 oktyabr 2008-ci il seçkiləri hakim partiyanın böyük üstünlüyü ilə yekunlaşıb. YAP sədri İlham Əliyev seçicilərin 87.34 faiz səsini yığaraq ikinci müddətə prezident seçilib. Bu, müxalifətin ilk və son məğlubiyyəti deyildi...

2013-cü il oktyabrın 9-da baş tutan prezident seçkilərində yenə iqtidar partiyası - YAP qalib gəlib. Partiya sədri İlham Əliyev 84.54 faiz səslə növbəti dəfə prezident seçilib və müxalifətin “birləşmiş birliyi” 5-ci seçkidə iqtidara uduzub.

Bax, budur müxalifət üçün oktyabrın apreldən fərqi. Onlar daha çox oktyabr ayında uduzmağa öyrəşiblər, apreldə isə bir ilk olacaq. Qeyd etdiyimiz kimi, Azərbaycanda keçirilən son 5 prezident seçkisinin hamısı oktyabr ayında olub. Bu seçkilərin heç birində müxalifət ciddi rəqib qismində çıxış edə bilməyib, biabırçı şəkildə uduzub. Səbəb çox sadədir - xalq perspektivi olmayan, yenilikçilikdən uzaq düşən müxalifətdən birmənalı şəkildə imtina edib. Həm də illər öncə. Radikallar isə bunu qəbul edə bilmirlər...

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Müxalifət   AXCP   Müsavat   Seçki   Milli-Şura  





Xəbər lenti