"İnsan orqanlarının satışına icazə verilməlidir" - Nazirlik rəsmisi

"İnsan orqanlarının satışına icazə verilməlidir" - Nazirlik rəsmisi
  09 Fevral 2018    Oxunub:2929
“Azərbaycanda səhiyyə sahəsində inkişaf var. “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunu qəbul olunub, tətbiq olunur. Bəzi məsələlərdə dəqiqləşdirmələrə ehtiyac var”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov bildirib.

Sektor müdiri vurğulayıb ki, donorların qohum olması məsələsi problem olaraq qalmaqdadır: “Bu məsələ həll edilməlidir. Bununla bağlı mübahisəli məqamlar olur. İnsanlar klinikalara müraciət edirlər, onlara deyilir ki, donor yalnız qohum ola bilər. Onlar da haqlı olaraq şikayət edir. Bu məhdudiyyət aradan qaldırılmalıdır. Bundan başqa, orqanının satışına da icazə verilməsi yaxşı olar. Çünki biz burada “razılaşma” ifadəsindən istifadə edirik. Amma faktiki olaraq, burada alqı-satqı olur. Ona görə bu məhdudiyyət də aradan qaldırılmalıdır”.

E.Əzizov qeyd edib ki, hazırda ölkəmizdə orqan alqı-satqısı ilə bağlı məhdudiyyət var: “Bu məhdudiyyəti götürsək, yaxşı olar. Burada daha çox kriminal halların olmasından qorxuruq. Bəlkə də biz buna icazə verməliyik. Buna bir qədər real yanaşaq. Kənarda kimlərsə hansısa razılığa gəlir və həmin şəxs ona öz orqanını verir. Biz buna icazə verməklə, bir çox növbədə olanların problemini həll etmiş olarıq. Bunu çərçivəyə salmaqla icazə vermək olar. Kriminla halları bağlı məsələləri isə sərt tənzimləməliyik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Orqan  





Xəbər lenti