Həsrət Əli

Həsrət Əli
  09 Fevral 2018    Oxunub:4977
Etibar Hüseynov
AzVision.az üçün

Adətən iqtidarın erkən seçkiyə getməsi müxalifətin güclü olduğu ölkələrdə və məhz onun təzyiqi altında baş verir. Bundan da təbii ki, müxalifət cəbhəsi sevincək olur ki, hakimiyyətə gəlmək şansı bir qədər də tezləşir.
Bəs bizim radikal düşərgə niyə bu qədər narahat olub? Bəyəm seçkinin 5 ay gec və ya tez keçirilməsi bu qədərmi müstəsna əhəmiyyətə malikdir? 25 il ərzində məğlubiyyətlər silsiləsi yaşayan düşərgə 5 aya nə edəs idi ki, indi onu edə bilməyəcək?

Əli Kərimli FB-dəki son videosunda bir məqamda özü-özünü ifşa etdi. Diqqət edin, deyir ki: “Onsuz da havalarla əlaqədar olaraq qış aylarında kütləvi aksiyalar keçırilmir. Mart ayında isə Novruzla əlaqədar bayram tədbirləri olur. Ona görə də, iqtidar bizim mitinqlərdən qorxduğuna görə, seçkini qabağa çəkib”. Doğrudan da gülməlidir, özü də çox gülməli. Bəlkə də ağlamalı. Niyə? Ay qardaş, sən hakimiyyətə iddialı bir şəxssən e, heç danışdığının fərqindəsənmi? Hava nədir, Novruz nədir, Kosa nədir? Neçə ildir ki, tərəfdarlarınıza ukraynalıları misal çəkirsiniz. Özünüzü onlara oxşatmağa çalışırsınız. Amma oxşarlıq onlar kımı narıncı şortik-mayka geyinməklə bitmir. İradə, qətiyyət, əzmkarlıqla olur. O da ki, nə sizdə, nə də tərəfdarlarınızda var.

Çünki pafos və şüarçılıqla aşılanan məqsəd və ideyalar saxta və çürükdür. Bakıda qış aylarında tempratur cəmi bır neçə gün -1-2 dərəcə ola, ya olmaya. Qalan günlərsə yaz havasından fərqli keçmir. Amma ukraynalılar -20-25 dərəcə şaxta altında günlərlə, özü də gecə-gündüz mübarizə aparıblar. Ona görə də gətirdiyiniz bəhanə və arqumentlər saxta və yalandır.

Payız və qış aylarında soyuqları bəhanə gətirirsiniz, yay aylarında istini. Deməli, yerdə 3 ay yaz qalır ki, o da ixtiyarınızdadır. Bəs niyə tərpənmirziniz?

Çünki nə deyiləsi sözünüz, nə də ki, ona qulaq asacaq tərəfdarlarınız var. Onsuz da ilin 9 ayı köhnə rus şarmankası kimi eyni şeyi təkarlayırsınız. İl boyu dediklərinizə növbəti dəfə qulaq asmaq üçün kimsədə həvəs qalmayıb axı. Elə isə çıxın da meydana, niyə çıxmırsınız?

Səbəb aydındır, məncə. Seçkilərə onsuz da 8 ay vaxt qalmışdı. Və vaxtı dəyişilməsəydi seçki söhbəti ümumiyyətlə, yadınıza düşmürdü onsuz da. Hələ müxalifət düşərgəsində vahid namizəd məsələsi gündəmə gətirilib, bircə dəfə də olsun müzakirə edilməmişdi. Bunlar ki, faktdır. Əslində erkən seçkiyə getməklə iqtidar sizi pat vəziyyətinə salmış oldu. Ona görə də, bu gözlənilməz şapalaqdan şoka düşən Əli Kərimli dərha “boykot” deyib, aradan çıxdı. Onun ləqəbini ümumiyyətlə, Həsrət Əli qoymaq lazımdır, çünki adam indiyə qədər prezidentliyə namizəd ola bilməyib, bütün ömrü də, deyəsən, bunun həsrətilə keçəcək.

İsa Qəmbər seçkiyə getməyə məhkumdur - çünki hələ 2014-cü ildə bəh-bəhlə elan elədiyi “Yol xəritəsi” adlı sənəddəki tələblərdən biri də hakimiyyətin erkən seçki keçirməsi idi.

Xarici ölkələrə sığınıb, namizədliyini hamıdan qabaq elan edib, “Mütləq Bakıya dönəcəyəm” deyənlərin vəziyyətisə umumiyyətlə, “rusca” oldu. Di gəlin görək, gəlirsinizmi?

Bir sözlə, cənablar, meydan açıqdır. Ya təşrif buyurub gücünüzü sərgiləyin ya da kənara çəkilin. Şeytanlıq etməyin. Sual olunur: mitinq keçirə bilmirsən, seçkiyə qatılmırsan... bəs onda sizlər nəyə lazımsınız? Onda gedin, qoşulun may ayında start götürəcək “Maşın şou”ya. Orada da bir şey alınmasa, gedərsiniz Xoşqədəmin verilişində bəxtinizi axtarmağa.



Teqlər: Seçki   Müxalifət   Əli-Kərimli  





Xəbər lenti