Nazir idmançıları seçkilərdə fəal olmağa çağırdı

Nazir idmançıları seçkilərdə fəal olmağa çağırdı
  09 Fevral 2018    Oxunub:1345
Bu gün “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş respublika müşavirəsi keçirilib.
Müşavirənin keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar, 2018-ci ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsinin aparılması olub.

Tədbiri gənclər və idman naziri Azad Rəhimov açaraq bildirib ki, son 14 ildə Azərbaycan böyük və şərəfli yol keçib: “Bütün beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Bu illər ərzində bir çox idman kompleksləri tikilib, bəziləri isə təmir edilərək vətəndaşların ixtiyarına verilib. Bu gün Azərbaycanın regionlarında və Bakı şəhərində 43 idman kompleksi fəaliyyət göstərir. Həmin komplekslərdə bir çox idman növləri fəaliyyət göstərir ki, bu da idmanın inkişafına kömək edən amildir. Azərbaycanda keçirilən beynəlxalq yarışlar da idman ölkəmiz olmasını bir daha sübut edir. Təkcə 2017-ci ildə ölkəmizdə gənclər sahəsində 18, idman sahəsində isə 55 beynəlxalq tədbir keçirilib ki, bunların da əksəriyyəti regionlarda təşkil edilib. Bu illər ərzində idman komplekslərində yaranan iş yerləri sayəsində 918 nəfər daimi işlə təmin edilib”.

“Regionlarda Gənclər Evlərinin tikilməsi də bizim əsas vəzifələrimizdəndir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş Dövlət Proqramları çərçivəsində 15-i nazirliyin balansında olmaqla, ümumilikdə bu günədək 40 gənclər evi istifadəyə verilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Gənclər Evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması qaydaları təsdiq edilib. Bu şəbəkənin genişləndirilməsi və daha çox gəncləri əhatə etməsi dövlət başçısının da diqqət mərkəzindədir”, - deyə nazir əlavə edib.

Çıxışının sonunda nazir bu ilin aprelində ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladaraq gəncləri və idmançıları seçkilərdə fəal iştirak etməyə çağırıb. “Mən əminəm ki, bütün Azərbaycan xalqı kimi, gənclərimiz və idmançılarımız da Ulu Öndərimizin siyasi xəttini bundan sonra da dəstəkləyəcək, Prezidentimizin ətrafında daha sıx birləşəcək, müstəqil, hüquqi, demokrat Azəraycan dövlətçiliynin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafında, ərazi bütövlüyünün qorunmasında yaxından iştirak edəcəklər”.

Sonra digər regionlarda fəaliyyət göstərən Gənclər və İdman idarələrinin rəisləri illik hesabatlarla çıxış ediblər.

AzVision.az


Teqlər: Müşavirə   Azad-Rəhimov  





Xəbər lenti