Azərbaycanda ölüm hökmünün ləğvindən 20 il ötür

Azərbaycanda ölüm hökmünün ləğvindən 20 il ötür
  10 Fevral 2018    Oxunub:3082
Bu gün Azərbaycanda ölüm hökmünün ləğvindən 20 il ötür.

AzVision.az-ın məlumatına görə, ölüm hökmü 1998-ci ilin fevral ayının 10-da ulu öndər Heydər Əliyevin müraciətindən sonra Milli Məclisin qərarı ilə ləğv edilib.
Ümummilli liderin müvafiq müraciətində qeyd edilib ki, məramı dünyəvi, hüquqi dövlət qurmaq olan Azərbaycan Respublikasında hər bir insanın təbii və ayrılmaz hüququ olan yaşamaq hüququna əsaslı təminatlar verilib, insanın həyatdan məhrum edilməsi yolverilməz hesab olunub.

"Konstitusiyada ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilib və daimi cəza növü kimi nəzərdə tutulmayıb. İnsan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan bu cəzanın tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilir".

Qeyd edək ki, qərar qəbul olunana qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib.

Azərbaycanda ölüm hökmü Bayıl həbsxanasında, "ölüm kamerası" adlanan otaqda yerinə yetirilib. Cəza yalnız bir üsulla - güllələnmə ilə icra olunub.

AzVision.az


Teqlər: Ölüm-hökmü   Cəza   Həbs  





Xəbər lenti