Bayılda sürüşmə 6,9 hektar ərazini əhatə edir

Bayılda sürüşmə 6,9 hektar ərazini əhatə edir
  12 Fevral 2018    Oxunub:1755
"Bayıl yamacındakı sürüşmə sahəsi 6,9 hektar ərazini əhatə edir".
Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Nazirlik rəsmisi deyib ki, təhlükəli zonada 106 ev siyahıya alınıb: “Orada ərazinin 70 faizindən çoxu yaşıllıqdır. Şam, zeytun və digər ağaclar əkilib. Sürüşmənin qarşısının alınması üçün müəyyən növ ağacların kökü 15 metrdən artıq getməlidir ki, kütləni saxlaya bilsin. Şamın kökü yana yayılır, dərinə getmir. Orada ağaclar sürüşüb hərəsi bir yamacda qalıb. Müvafiq orqanlar tərəfindən təhlükəli zonaya düşən 106 ev siyahılaşdırılıb, 90 evdən sakinlər çıxarılıb. Sakinlər gündüz evlərinə gəlirdilər, amma gecə yatmağa icazə verilmirdi”.

Ə.Qaralov bildirib ki, Bayılda hər an sürüşmə, çökmə prosesi baş verə bilər: “2004-cui ildən həmin ərazi bizim tərəfimizdən sürüşməyə meyilli ərazi kimi coğrafi koordinatları ilə birlikdə konturlaşdırılıb, hesabat şəklində müvafiq orqanlara təqdim olunub. İndiki proseslər o vaxt verdiyimiz konturların daxilində gedir. Ola bilər ki, vəziyyət 10 gün stabil olsun, 5 il stabil olsun, sonra anidən torpaq sürüşə bilər. Orada ümumiyyətlə tikinti aparmaq olmaz”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Bayıl   Sürüşmə   Təhlükə   Nazirlik  





Xəbər lenti