Tikintidə 475 nəfər qanunsuz işlədilib

Tikintidə 475 nəfər qanunsuz işlədilib
  12 Fevral 2018    Oxunub:1305
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən AzVision.az-a bildirilib ki, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı Mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda, Mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir.

Bu günədək 39 səyyar monitorinq həyata keçirilib. Monitorinqlərin keçirildiyi dövr ərzində 1528 şəxs yoxlanılıb, onlardan 475 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Monitorinqlərin başlandığı gündən indiyədək Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan tikinti şirkətləri tərəfindən yeni 18452 əmək müqaviləsi bağlanılıb.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Monitorinq Mərkəzi tərəfindən müasir innovasiyalardan istifadə etməklə təşkil edilmiş monitorinqlər tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunmasını, sosial təminatlardan yararlanması, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsini təmin etmək məqsədilə davam etdirilir və nəticələri mütəmadi olaraq açıqlanacaq.

AzVision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti