“Müxalifət qorxudan boykot variantını seçdi” – Sabiq dövlət müşaviri

  12 Fevral 2018    Oxunub : 2233
“Müxalifət qorxudan boykot variantını seçdi” – Sabiq dövlət müşaviri
"Əli Kərimli seçkiyə getsəydi belə, qalib gəlmək imkanı yox idi. Onlar qorxaraq boykot taktikasına üstünlük verdilər"

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçki hazırlıqlarını davam etdirdiyi vaxtda bəzi müxalifət partiyaları seçkidə iştirakdan imtina ediblər.
Seçki öncəsi siyasi durumu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AzVision.az-a şərh edib:

- Qabil müəllim, ölkədəki siyasi durumu necə qiymətləndirirsiniz? Sizcə, seçkinin önə çəkilməsində səbəb nə idi?

- Seçkilərin irəli çəkilməsi Azərbaycanın strateji maraqları ilə bağldır. Strateji maraqlar həm bölgə ilə bağlı proseslər, həm də dünyada gedən hadisələrlə eyni axardadır. Seçkinin önə çəkilərək Rusiya və Ermənistandakı seçkilərin keçirilmə vaxtına yaxınlaşdırılması məqamı hesab edirəm ki, doğru addımdır. Çünki, bundan sonra yeni seçiləcək prezidentin qarşısında daha böyük meydan açılacaq. Xüsusilə, Qarabağ məsələsi ilə bağlı. Bu qərarla prezident bütün ilin seçki ili olmasına imkan vermədi, seçkiləri qabağa çəkdi. Bu, o deməkdir ki, aprelin 11-də Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa bağlılığı olan iki ölkədə - Rusiya və Ermənistanda seçkilər başa çatmış olacaq. Bu da imkan verəcək ki, münaqişə ilə bağlı intensiv danışıqlar başlanılsın.

Bununla yanaşı Azərbaycan diplomatiya illuziyasına qapılmaq fikrində deyil. Ermənistan hələlik, danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirməyə hazır olmadığını göstərir. Bu ölkədən gələn xəbərlər deməyə əsas verir ki, onların siyasətçisindən tutmuş, adi vətəndaşına qədər hamısı millətçilik azarına tutulub. Ona görə də Qarabağ məsələsində kompromis axtarmaq fikrində deyillər. Belə bir şəraitdə ordu quruculuğu və müharibə varinatına hazırlaşmaq prezident seçkilərinin önə çəkilməsinə təsir edən amillərdəndir.

Seçkinin önə çəkilməsindən sonra prezident həm daxili problemlərlə, həm ordu quruculuğu məsələləri ilə, eləcə də beynəlxalq problemlərlə daha ciddi surətdə məşğul olmaq imkanları qazanacaq. Prezident ölkə daxilində sabitliyə nəzarət edir, həm də ölkədə əhval-ruhiyyəyə, iqtisadi inkişafı təmin edəcək kadr və struktur islahatlarını həyata keçirir. Bir növ ölkənin siyasi, mənəvi həyatını sağlamlaşdırmağa çalışır. Buna böyük ölçüdə nail olunacaq. Azərbaycanda dəyişikliklərə, islahatlara, xarici siyasətin dinamikləşdirilməsinə ciddi ehtiyac var. Bir sözlə, Azərbaycan ərazi bütövlüyünü təmin etmək və iqtisadi inkişafını daha da gücləndirmək üçün bir sıra addımlar atmalı idi ki, bunların içərisində prezident seçkilərinin önə çəkilməsi birinci yerdə dayanıb. Ona görə də buna gedilir.

- Amma, radikal müxalifət bu seçkidə iştirakdan boyun qaçırır. Səbəblər nədir?

- Onlar vaxtlarının az olmasını bəhanə gətirsələr də, seçkilərdə imkanlarının məhdud olması səbəbindən iştirak etmirlər. Bu partiyalar çox zəifləyib. Həmçinin radikal müxalifət partiyaları arasında ciddi problemlər yaşanır. Bu gün onların seçkidə iştirak edib, uğur qazanması demək olar ki, mümkünsüzdür. Bunu özləri də bilir. Amma siyasi inteqrasiya edə, vahid namizəd müəyyən edərək seçkiyə gedə bilərdilər. Lakin, onlar seçkiyə getməyi özlərinə lüzum bilmədilər. Hazırda onlar arasında o qədər dərin ziddiyət var ki, vahid namizəd ortaya çıxara bilmirlər. Bir sözlə, müxalifətin çoxsaylı problemləri var və onlar bilir ki, bu problemlər üzərindən seçkiyə qatılsalar da, uğur qazana bilməyəcəklər. Boykot taktikası onların siyasi imicləri üçün xilas yoludur.

Amma, bu çıxış yolu deyil. Siyasi partiya hakimiyyət uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyursa və onu birinci dərəcəli vəzifəyə çevirirsə, həmişə seçkilərdə iştirak etməlidir. Seçkilərdə iştirak müxalifətə öz ideyalarını populyarlaşdırmaq, eyni zamanda digər namizədlərin, xüsusən də iqtidar namizədinin çatışmazlıqlarını göstərmək və insanları maarifləndirmək üçün çox böyük əhəmiyyətə malikdir. Amma onlar bu imkandan istifadə etmək istəmədilər. Yaxud da bu tribunadan istifadəyə hazır deyillər. Vaxt amilini çıxmaqla digər hansı amilləri əsas götürüb, boykota gedirlər bunu söyləmək çox çətindir. Bu, müxalifətin heç nəyə nail ola bilməyəcəyinin, gücsüzlüklərinin, qorxaqlıqlarının sübutudur. Onlar seçkiqabağı təbliğatı təşkil etmək gücünə malik olmadıqlarından boykot variantını seçdilər.

- Çoxları hesab edir ki, əvvəlcədən radikal müxalifətin seçkidə vahid namizədlə iştirak etməsi qeyri-mümkün idi. Bu şəraitdə isə partiya sədrləri, xüsusilə heç vaxt prezidentliyə namizəd olmayan AXCP sədri Əli Kərimli üçün belə bir şans yaranmışdı ki, seçkidə iştirak etsin. Sizcə, o, nə üçün namizəd olmadı?

- Onun seçkidə iştirak etməməsi kifayət qədər təəccüblüdür. Görünür, buna səbəblərdən biri AXCP-nin parçalanmış vəziyyətdə olmasıdır. Milli Şuradan isə yenidən Cəmil Həsənlinin namizədliyi irəli sürülməli idi ki, bunu da məqbul hesab etməyiblər. Amma Əli Kərimli seçkiyə getsə də, qalib gəlmək imkanı yox idi. Onlar qorxaraq boykot taktikasına üstünlük verdilər.

- Müsavat son qurultayında prezidentliyə namizədini müəyyənləşdirmişdi. Onların seçkidən kənarda qalması nə ilə bağlıdır?

- Düşünürəm ki, Müsavatın qərarına İsa Qəmbərin səhhəti təsir göstərdi. Görünür, onun hələlik sağlamlığı yerində deyil. Bu səbəbdən partiyada ruh düşkünlüyü yaranıb. Bu, özünü partiyanın Məclisinin qərarında da göstərdi. Mətbuatda belə şərh olunur ki, guya İsa Qəmbərin qarşısını partiya Məclisi kəsdi. Amma, partiyanın boykot qərarını qəbul etməsi onun ürəyindən idi. İsa Qəmbər özünü seçkiyə hazır hiss etmirdi.

- Bəs partiya başqanı Arif Hacılı necə, o, seçkidə iştirak edə bilməzdi?

- Bu situasiyada partiyanın Məclisi qurultayın qərarını dəyişdirərək İsa Qəmbərin əvəzinə Arif Hacılının namizədliyini irəli sürə bilərdi. Görünür, namizədin dəyişdirilməsinin seçkidə uğur əldə edilməsinə təsir etməyəcəyini anlayıblar. Açıq etiraf etmək lazımdır ki, İsa Qəmbərin fonunda Arif Hacılının və ya başqasının prezidentliyə namizəd kimi irəli sürülməsi ciddi uğurlar üçün təminat vermir. Partiyada İsa Qəmbəri əvəz edəcək ikinci şəxs hələlik yetişməyib.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Qabil-Hüseynli   Seçki