Ötən il “ASAN xidmət”dən “Azərsu”-ya 26 min müraciət olub

Ötən il “ASAN xidmət”dən “Azərsu”-ya 26 min müraciət olub
  12 Fevral 2018    Oxunub:1630
Ötən il “Azərsu” ASC-yə “ASAN Kommunal” vasitəsilə 28 mindən çox müraciət edilib.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, ASC-nin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərini asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir.

2017-ci ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 55 min 92 müraciət edilib. Müraciətlərin 26 min 793-ü “ASAN xidmət”, 28 min 299-u isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Hesabat dövründə edilən müraciətlər arasında itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Ən çox müraciət Bakının Sabunçu rayonundakı, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində, həmçinin 2 saylı “ASAN Kommunal” mərkəzində qeydə alınıb.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-2017-ci illərdə bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 108 min 778 müraciət daxil olub.

Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakının Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallı şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.

AzVision.az


Teqlər: ASAN-xidmət   Azərsu  





Xəbər lenti