Mikayıl Cabbarov: “Heç kimə güzəşt edilməyəcək” - (Yenilənib)

Mikayıl Cabbarov: “Heç kimə güzəşt edilməyəcək” - (Yenilənib)
  13 Fevral 2018    Oxunub:10800
“Vergilərin yığılmasında artıq ödəmələr tələb edilib, ədalət prinsipi pozulub”.

AzVision.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov “Vergilər.Şəffaflıq.İnkişaf” adlı konfransda çıxışında deyib.
Nazir bildirib ki, qanun hər kəsə eyni tətbiq edilməlidir: “Vergilər Nazirliyi vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi prosesində sahibkarların ictimai birlikləri, ekspert cəmiyyəti, ictimai təşkilatlarla sıx əməkdaşlıq etmək niyyətindədir. Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb. Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək.

Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir. Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədə iqtisadi artım üçün ən əlverişli şərait təmin edilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, Vergilər Nazirliyi üçün fiskal siyasətin yerinə yetirilməsi asanlaşır. Vergilər Nazirliyinin əli hər zaman iqtisadiyyatın üzərində olacaq”.

Nazir, həmçinin bildirib ki, bundan əvvəl vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələr tələb edilib: “Bu ödəmələrin həcmi ilbəil artıb. Neft və qeyri-neft sektorları üzərində vergi yükü qeyri-mütənasib palnlaşdırılıb. Özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən bəzi hallarda qəbuledilməz metodlar tətbiq edilib, ədalətlilik prinsipi pozulub. Vergi ödəyiciləri özününki və digər kateqoriyalara bölünüb”.

M.Cabbarov qeyd edib ki, Azərbaycanda bəzi vergi ödəyiciləri vergiyə gəlirlərinə və xərclərinə görə deyil, dövriyyələrinə uyğun cəlb edilib: “Bu isə mənfi amildir. Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı vergi ödəyicisi arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisi səhv edə bilər və biz ona bir də bu səhvi təkrar etməməsi üçün dəstək olmalıyıq".



İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Vergilər-Nazirliyi   Mikayıl-Cabbarov  





Xəbər lenti