Növbəti qlobal böhran gəlir? – TƏHLİL

Növbəti qlobal böhran gəlir? – TƏHLİL
  13 Fevral 2018    Oxunub:4344
Məlumdur ki, dünya iqtisadiyyatı ABŞ, Avropa Birliyi, Çin, Yaponiya və bir sıra inkişaf etmiş ölkələrin “çiynində” dayanır. Bunların arasında çox sıx əlaqə və bağlılıq mövcuddur. Həmin əlaqə və bağlılıq bir “balans” yaradır. Mərkəzi sütun - onurğa sütunu rolunu isə ABŞ iqtisadiyyatı yerinə yetirir. Odur ki, ABŞ iqtisadiyyatında tənəzzül yarandıqda qlobal iqtisadiyyatda dərhal ciddi böhran ortaya çıxır, artım həddindən artıq geniş xarakter daşıdıqda isə digər bir sıra çətin vəziyyətlər meydana gəlir.
ABŞ sonuncu dəfə 2008-2009-cü illərdə tənəzzüllə üzləşmişdi. Bu zaman qlobal maliyyə və iqtisadi böhran ortaya çıxdı. Sonrakı illərdə Amerika iqtisadiyyatında tənəzzül aradan qalxdı və hazırda ABŞ iqtisadiyyatı inkişafdadır. Amerikada iqtisadi artım olduğu zaman isə dollar möhkəmlənir. Bu da qlobal miqyasda bir sıra strateji məhsulları ucuzlaşdırır. Bu sırada xam neft və enerji daşıyıcıları məhsulları ilk yerdə gəlir. Azərbaycanın da bundan nə əziyyət çəkdiyi bəllidir.

İqtisadi yüksəliş də özü ilə yeni problemlər gətirir. Belə ki, yuxarıya doğru istənilən qalxmağın müəyyən bir mərhələdə enişi var. Bu, aksiomadır. Bu baxımdan da, Birləşmiş Ştatlarda ardıcıl davam edən artımın yaxında yenə, hansısa bir “çat dövrü” ilə üzləşəcəyi istisna deyil.

ABŞ fond birjalarında ötən həftə ərzində baş verənlər bu gözləntinin sanki artıq doğrulmaq üzrə olduğu mənzərəsini yaratdı. Ancaq bu, hələ “qığılcım” idi. Qeyd edim ki, keçən həftə son 2 ildə ilk dəfə olaraq indekslər kəskin eniş nümayiş etdirdi. 8 fevral tarixinin yekunlarına görə, “Dow Jones” indeksi 1033 bənd geriləyərək (4,1%) 23860 bənd oldu. S&P indeksi 3.75% azalaraq, 2581 bənd təşkil etdi. “Nasdaq”da isə 3,9 faiz geriləmə qeydə alındı. İndekslər keçən həftə ərzində artıq ikinci dəfə idi ki, belə çökürdü. Fevralın isə 5-də “Dow Jones” 1175 bənd (4.6%) aşağı düşmüşdü. Bu, sözügedən indeksin tarixində rekord azalma sayılırdı.

Lakin həftənin sonu, başqa sözlə desəm, beşinci gün vəziyyət sabitləşdi. Belə ki, fond birjalarında çöküş necə birdən-birə qeydə alınmışdısa, eləcə də dayandı. Bu həftənin başlanğıcı üçün də eyni tendensiya müşahidə edilməkdədir. Yəni, səhm alışı əvvəlki tempini bərpa edib. Amerikanın son onillik qiymətli kağızları qeyd olunan çöküşdən əvvəlki qiymətlərinə qayıdıb.

Ancaq bu, son idimi? Başqa sözlə desəm, dünya iqtisadiyyatının sözügedən bir nömrəli ölkəsinin qiymətli kağızlar bazarındakı ötən həftəki çöküş bir daha qeydə alınmayacaqmı? Ümumiyyətlə, bu, niyə baş vermişdi, səbəb nə idi?!



İndekslərin çöküşü nə qədər qəribə olsa da, Ağ Evin ABŞ iqtisadiyyatının uğurları haqqında bəyanatı fonunda baş verdi. Və bu, məhz iqtisadi artımın nəticəsi idi. Təhlilçilər də dərhal izah etdilər ki, fond bazarında baş verən məlum ucuzlaşma gəlirliyin artmasının təzahürü saylırdı. Və baş verənlər bazarı nisbətən “təmizlədi”...

Sözün qısası, Amerika iqtisadiyyatı inkişaf edir. Amerikanın əmək bazarında yanvar ayında yüksəliş davam edib. Bir ay əvvəl isə bu sahədə nisbətən durğunluq yaranmışdı. ABŞ kimi bir yerdə işsizlik səviyyəsi hazırda 4,1% təşkil edir. Təkcə özəl sektorda yeni açılan iş yerlərinin sayı 200 minə çatıb. Dekabrda isə bu rəqəm 160 min təşkil etdirdi. O cümlədən, əməyin saatlıq ödəniş həddi də dekabrla müqayisədə 0,3% artıb. İndi qeyd olunan rəqəm 26 dollar 74 sent təşkil edir.

Bəs, problem nədədir? Doğrudanmı, inkişaf böhrana aparır? Və ABŞ-dakı real iqtisadi artım gec-tez tənəzzüllə nəticələnəcək?

Məsələ ondadır ki, Amerikada inflyasiya yüksəlib. Bəli, nə qədər qəribə olsa da, inflyasiya! İnflyasiya bu kimi ölkələrdə inkişaf göstəricisi sayılır. Yoxsa, bizdəki kimi camaatın gəlirlərini yeyən "parazit qurdu" yox...

Uzun müddət idi ki, ABŞ-da inflyasiya arzuolunan səviyyədən aşağı həddə qeydə alınırdı. Yəni, 2% civarından aşağı. Ona görə də, Federal Ehtiyat Sisteminə (FES) faiz dərəcəsini artırmaqda bu fakt maneçilik törədirdi. İndi güman var ki, FES mart ayında keçiriləcək iclasında uçot göstəricisini 1,5%-dən 1,7%-ə qaldıracaq. Xatırladım ki, FES tərəfindən keçən ilin dekabrında keçirilən sonuncu iclasda qabaqcadan gözlənildiyi kimi, baza faiz dərəcəsi yenə 0,25% yüksəldilərək, 1,25%-dən 1,5%-ə çatdırıldı. Həmin ilin mart ayında 0,75-dən 1%-ə, iyunda 1%-dən 1,25%-ə yüksəldilməklə daha 2 belə qərar qəbul olunmuşdu. Bundan əvvəl isə 2015 və 2016-cı ilin dekabrlarında faiz dərəcələri artırılmışdı. Hər biri 0,25% səviyyəsində.

Odur ki, investorlarda "qorxu hissi" yaranıb. Tarixi təcrübə də göstərib ki, FES uçotu yüksəldərkən ABŞ fond birjalarında həmişə çöküş qeydə alınır. Problemin kökü bax, bundadır...

Azərbaycana gəldikdə isə, yazdıqlarımdan yenə bir qənaət hasil olur: ABŞ-da inflyasiya iqtisadi artım əlaməti sayılır, bizdə isə "kasıblıq"... Niyə?! Çünki Amerikada inflyasiya əhalinin gəlirlərinin artdığına dəlalət edir, Azərbaycanda isə əhalinin mövcud gəlirlərinin də "batdığına". Səbəb isə odur ki, bizdə pul-kredit siyasəti avtomobildə "qaz pedalı" deyil, "əl tormozu" rolunu yerinə yetirir. Neft düşəndə isə heç o da işə yaramır. Odur ki, neftdən mütləq yaxamızı qurtarmalıyıq. Özü də tezliklə - növbəti qlobal böhran yetişənədək.


Pərviz Heydərov
AzVision.az üçün





Teqlər: #Dou-Cons   #İqtisadi-Böhran   #ABŞ  





Xəbər lenti