Bələdiyyələrlə bağlı illik məruzə qəbul olundu

Bələdiyyələrlə bağlı illik məruzə qəbul olundu
  13 Fevral 2018    Oxunub:1398
Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunub.
AzVision.az xəbər verir ki, illik məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Nazir müavini bildirib ki, ötən il Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub.

V.Zahirov qeyd edib ki, hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib.

“Bundan sonra qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib. 2017-ci ildə 2636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub. Bunların bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən artıq azalıb”.

Nazir müavini əlavə edib ki, bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları müəyyən olunub: “24 belə fakt olub. Həmin faktlara hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib. Belə ciddi faktlar Tərtər rayonunun Ərkipara, Şəmkir rayonunun Yeni Həyat bələdiyyəsində, Ağstafa rayonunun Köçəsəsgər, Masallı rayonunun Qarğalıq, Bərdə rayonunun Qaradağlı, Zərdab rayonununda və başqa bələdiyyələrdə aşkar edilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb. 2017-ci ildə bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub. Bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır”.

Müzakirələrdən sonra Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Bələdiyyə   Məruzə  





Xəbər lenti