Saakaşvilinin Ukraynadan qovulmasının səbəbi - Markov şərh edir

Saakaşvilinin Ukraynadan qovulmasının səbəbi - Markov şərh edir
  14 Fevral 2018    Oxunub:1740
“Düşünürəm ki, Ukraynadakı proseslərdə Mixail Saakaşvilinin rolu bir qədər şişirdilib. Ukrayna vətəndaşlarının böyük əksəriyyəti Saakaşvilini dəstəkləmir. Böyük ehtimalla, bu ölkədə etiraz aksiyaları ABŞ-ın əmri ilə həyata keçirilib”
Bunu AzVision.az-a açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib. Politoloq hesab edir ki, Ukraynada real etirazlar baş versəydi, güc yolu ilə hakimiyyəti ələ keçirən Maydan qruplaşması dəyişdirilərdi.

“Ukrayna xalqı Poroşenko, Timoşenko, Saakaşvili və digərlərinə nifrət edir. Alternativ siyasətçilərə Ukraynada özünü göstərmək qadağan olunub. Ölkədə real bandera diktaturası mövcuddur. Məhz buna görə sistemə qarşı çıxanlara praktiki olaraq açıq şəkildə siyasətlə məşğul olmaq qadağan edilib. Lakin ABŞ-la birbaşa əlaqədə olan və onun tərəfindən idarə olunan, “Müxalifət bloku” adlanan kiçik qruplaşmaların varlığı ilə ölkədə siyasi plüralizmin olması göstərilir. Saakaşvili siyasi fiqur olaraq ciddi təhlükə, təhdid yaratmır. Lakin şəxsən Pyotr Poroşenko Saakaşviliyə qəzəblənib. Çünki prezidentə Saakaşvilinin guya Poroşenkonun ailə üzvlərindən kiminsə öldürülməsi ilə əlaqədar dinləmələri, səs yazılarını göstəriblər. Ola bilsin ki, bu yazılar sonradan quraşdırılıb, bəlkə Saakaşvili doğurdan da dəli olub. Düşünürəm ki, Ukrayna prosesində Saakaşvilinin rolu süni şəkildə artırılıb. Saakaşvilinin Ukrayandan qovulmasının ciddi siyasi nəticələrinin olacağını düşünmürəm”, - deyə Markov qeyd edib.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili fevralın 12-də Kiyevdən qovularaq Polşaya göndərilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ukrayna   Saakaşvili   Poroşenko   Rusiya   Sergey-Markov  





Xəbər lenti