Şeyx dini liderləri Xocalı soyqırımını tanımağa çağırdı
Müraciətdə qeyd edilir ki, iyirmi altı il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, Birləşmiş Millətlər Təşkilatınin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməyib. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da var. Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyillər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən Xocalı faciəsi layiqli qiymətini almadıqca yeni-yeni bəşəri cinayətlərə, humanitar fəlakətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımlarının təkrarlanmasına, terrorizm, ekstremizm, separatçılıq üçün zəmin yaranır.
Bildirilir ki, Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində yaranmış bir milyondan artıq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsi, erməni ekstremistlərinin soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salmalarına görə məsuliyyətə cəlb edilməmələri nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı olmazın işgəncələr tətbiq edir, cəsədlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır. Əvəzində, heç bir tarixi həqiqətə söykənməyən uydurma erməni soyqırımının tanıdılması cəhdləri, soyqırımı törədənlərin özlərini “soyqırımı qurbanları” kimi qələmə vermələri, ildönümlərinin qeyd edilməsi tarixin siyasi məqsədlərlə saxtalaşdırılmasından başqa bir şey deyil.
Vurğulanır ki, bu gün Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası yönündə apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət!” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında önəmli rol oynayır.
“Biz, Azərbaycan dindarları ölkəmizin ərazi bütövlüyünün Ali Baş Komandanımızın rəhbərliyi ilə bərpası yönündə səylərin uğurla nəticələnməsinə inanır və onun üçün dualar edir, Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən Xocalı şəhidlərinin əziz xatirəsini daim uca tuturuq. Bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyən hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırırıq.
Qoy Uca Yaradan hamımıza savab əməllərdə, həqiqəti yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”, - deyə müraciətdə qeyd edilib.
AzVision.az