RƏSMİ: Erməni diversantları Dilqəm və Şahbazla dəyişdirə bilərik

  15 Fevral 2018    Oxunub : 7178
RƏSMİ: Erməni diversantları Dilqəm və Şahbazla dəyişdirə bilərik
"Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət etmişik. Bu məsələ ilə bağlı tərəfimizdən iş aparılır".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. Bu istiqamətdə işlərin davam etdirildiyini söyləyən İ. Axundov qeyd edib ki, Azərbaycanda saxlanılan erməni diversantların dəyişdirilməsi məsələsinə baxıla bilər.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə ötən ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

Azərbaycanda hazırda 2 erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır. A. Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. (APA)

AzVision.az


Teqlər: Kəlbəcər-Girovları   Dilqəm   Şahbaz